İQTİSADİYYAT
Vladimir Qubarev: Bakı bu gün təkcə neft paytaxtı deyil, o həm də kosmosun tədqiqi ilə tanınır VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Bakı hazırda təkcə Azərbaycanın neft paytaxtı kimi deyil, həm də kosmosun tədqiqi ilə tanınır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda konfransda iştirak edən fantast yazıçı, jurnalist, kosmik problematika üzrə mütəxəssis Vladimir Qubarev söyləyib.
“Bakıda kosmosa dair konfransa dəvət mənim üçün tamamilə gözlənilməz oldu. Mən bütün həyatım boyu kosmos məsələləri ilə məşğul oluram, ilk gündən sovet kosmonavtikasının inkişafında iştirak etmişəm. Bakıda mənim yaxın dostum Roald Saqdeyev işləyir. Onun olduğu hər yerdə kosmik tədqiqatlar aparılır. Bu, çox vacibdir”, - deyə Vladimir Qubarev vurğulayıb.
Əlli ildən çoxdur Bakıda olmadığını bildirən kosmik problematika üzrə mütəxəssis əlavə edib: “Məndə belə təəssürat yaranıb ki, sanki tamamilə başqa dünyaya düşmüşəm, bu əsrarəngiz şəhərdə hər şey ən yaxşılığa doğru dəyişib”.
Bakıda aviakosmik problemlərə həsr olunmuş konfransın keçirilməsinə münasibət bildirən Vladimir Qubarev deyib: “Bu dünyada baş verənlərin hamısı kosmosla bağlıdır, istənilən ölkə kosmos sayəsində tərəqqi tapır. Ona görə də təsadüfi deyil ki, bir zamanlar SSRİ kosmosun fəth edilməsində birinci idi. Hazırda elə bir ölkə yoxdur ki, orada kosmik sahələr olmasın. Mənim üçün xoşdur ki, Azərbaycan gəncliyi kainatla maraqlanır. Xoşbəxtəm ki, bir zamanlar bunun iştirakçısı olmuşam. Bir zamanlar Bakı Azərbaycanın neft paytaxtı idi, indi isə neftlə yanaşı, burada kosmos da tədqiq edilir.