SİYASƏT


Vladimir Solovyov: Heydər Əliyev böyük siyasi xadim idi

Moskva, 11 dekabr, AZƏRTAC

Təəssüf ki, Heydər Əlirza oğlu ilə şəxsi tanışlığım olmayıb, amma onun barəsində çox eşitmişəm. O, hər baxımdan böyük siyasi xadim idi. Ölkəni bütün qlobal dəyişikliklərdən mühafizə etmiş, demək olar ki, Azərbaycanı yenidən qurmuş, qətiyyətli və aydın xətt yürütmüş siyasi xadim idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov söyləyib. O vurğulayıb ki, ölkənin indiki Prezidenti İlham Əliyev Ulu Öndərin kursunu davam etdirir: “Mənə çox xoşdur ki, Azərbaycan Prezidenti məni həmkarım – Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovla birlikdə qəbul etdi. Bu, hətta gözlənilmədən oldu, çünki hər halda respublika Prezidenti ilə Jurnalistlər İttifaqı sədrinin səviyyələri arasında böyük fərq var. Bilirəm ki, sələfim Vsevolod Boqdanov Heydər Əliyevlə sıx ünsiyyət saxlayıb. Onlar hələ o dövrdə Xəzər regionu ölkələrinin jurnalistlərini birləşdirmək barədə düşünüblər. Prezidentlə söhbət əsnasında mən bunu ona xatırlatdım. O, bu ideyanı böyük maraqla qarşıladı. Görüş çox maraqlı keçdi, biz bir çox ümumi mövzu tapdıq. Prezident tapşırdı ki, Azərbaycana mümkün qədər çox rusiyalı jurnalist gəlsin. Gəlib Azərbaycanda rus dilinin necə inkişaf etdiyini, rusların necə yaşadıqlarını, respublikanın gözəlliklərini görsünlər. Biz jurnalistlərdən, yazıçılardan və şairlərdən ibarət qrup yaradırıq. Ümidvaram ki, onlar Novruz bayramında ölkənizə səfər edəcəklər”.

V.Solovyov Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: “Mən demək olar ki, bütün qitələrdə, hətta Antarktidada, ümumən dünyanın 80 ölkəsində olmuşam. Bakı sözün həqiqi mənasında güclü təəssürat yaradır. O, qeyri-adi memarlıq abidələri ilə fantastik dərəcədə gözəl şəhərdir. Yeraltı keçidlərin mərmərlə işlənməsi heyrətləndirir. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası görənləri mat qoyur. Sizdə yeni xalça ustaları nəsli yetişib. Onlar xalça üzərində fantastik şəkillər yaradırlar. İnsanın belə bir kompozisiyanı necə düşündüyünü təsəvvürə belə gətirmək çətindir. Bakı heyrətamiz şəhərdir. Düşünürəm ki, biz indi Azərbaycana tez-tez gələcəyik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.