DÜNYA
Vladimir Zelenski MSK-nı yekun nəticələrin rəsmi elanını gecikdirməkdə ittiham edir
Kiyev, 25 aprel, AZƏRTAC
Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Zelenski Facebook səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. “Çox gülməli şeylər baş verir – qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski əlavə edib.
Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.
Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev