CƏMİYYƏT


Vladiqafqazda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 11 may, AZƏRTAC

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri açan Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, fəaliyyəti yalnız xalqa xidmət üzərində qurulmuş böyük Öndərin şəxsiyyəti haqqında danışmaq çox məsuliyyətli və böyük şərəfdir.

“Hələ sovet dövründə ölkəsinin inkişafı naminə həyata keçirdiyi islahatlar, o dövrün çətinliklərinə sinə gərərək millətin rifahı üçün gördüyü işlər Ulu Öndərin fəaliyyətinin bir hissəsidir. Ulu öndər Heydər Əliyev əsl vətən oğlu və xalqa xidmət edən şəxs olduğunu Azərbaycanın ən ağır günlərində özünü onun köməyinə çatdırmaqla bir daha sübut etdi. Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”, - deyə Ş.Əliyev vurğulayıb.

Sonra Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülməmmədov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev və digərləri çıxış edərək, Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində Azərbaycanın inkişafından, dünyanın müasir və qabaqcıl ölkələri sırasında özünə layiqli yer tutmasından danışıblar. Qeyd olunub ki, Azərbaycanın müasir tarixini Heydər Əliyevdən, Heydər Əliyevi isə xalqımızın müasir tarixindən ayrı təsəvvür etmək qeyri-mümkündür.

Tədbir zamanı iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Heydər Əliyev irsinə, Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verən diaspor fəalları təşəkkürnamələrlə təltif ediliblər.

Tədbir azərbaycanlı məktəblilərin Heydər Əliyevə həsr olunan şeirlər səsləndirməsi və Azərbaycan incəsənət ustalarının konserti ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.