DÜNYA
Vo Van Thıonq Vyetnamın yeni prezidenti seçilib

Pekin, 2 mart, AZƏRTAC
Vyetnam Sosialist Respublikasının qanunverici orqanı olan Milli Assambleyanın martın 2-də keçirilən iclasında Vyetnam Kommunist Partiyasının siyasi bürosunun üzvü Vo Van Thıonq ölkə prezidenti seçilib.
AZƏRTAC Vyetnam informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermədə iştirak edən 488 deputatdan 487-si (98,38 faiz) Vo Van Thıonqun lehinə səs verib. O, Vyetnam Kommunist Partiyasının Siyasi Bürosunun hazırkı ən gənc üzvü, partiyanın Mərkəzi Komitəsi katibliyinin daimi üzvü, habelə parlamentin deputatıdır.
Səsvermənin nəticələri elan edildikdən sonra yeni seçilmiş prezidentin andiçmə mərasimi olub. O, istefa vermiş əvvəlki prezident Nquyen Suan Fukın səlahiyyət müddətinin sonunadək (2026-cı il) prezident vəzifəsində çalışacaq.
Yeni prezident Vo Van Thıonq 1970-ci ildə doğulub, Ho Şi Min Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Karyerasının ilk illərində Vyetnam Kommunist Gənclər İttifaqında müxtəlif vəzifələrdə çalışıb, 12-ci, 14-cü və 15-ci çağırış Milli Assambleyanın deputatı, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin təbliğat və siyasi tərbiyə şöbəsinin müdiri, katibliyin və siyasi büronun üzvü olub.
Qeyd edək ki, 2021-ci ildə prezident seçilmiş Nquyen Suan Fuk hökumətdəki korrupsiya qalmaqalı səbəbindən yanvar ayında istefa verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin