İDMAN
Voleybol üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin rəqibi Polşa yığması olacaq
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda yer alan Azərbaycan yığması çempionatda ikinci oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, saat 18:00-da Milli Gimnastika Arenasında keçiriləcək oyunda baş məşqçi Faiq Qarayevin yetirmələrinin növbəti rəqibi Polşa yığması olacaq.
İlk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Əvvəlki turlarda Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.
Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.
Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.
Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.
Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub.