İDMAN


Voleybol üzrə Millətlər Liqası təsis olunub

Bakı, 13 oktyabr, AZƏRTAC

FIFA-dan sonra Beynəlxalq Voleybol Federasiyası (FIVB) da voleybol üzrə yeni mötəbər turnir – Millətlər Liqasını təsis edib.

AZƏRTAC beynəlxalq voleybol qurumunun saytına istinadla xəbər verir ki, bu barədə FIVB-nin yaradılmasının 70 illik yubileyi münasibətilə Parisdə keçirilən mərasimdə Federasiyanın prezidenti Ari Qraça məlumat verib. O qeyd edib ki, 2018-ci ildə start götürəcək bu mötəbər turnir voleybol idmanı üzrə inqilabi yenilik olacaq. Millətlər Liqasının təsis olunması idman tarixində də ən mühüm hadisələrdən biridir.

FIVB-nin, Beynəlxalq İdman və Media Şirkətinin (IMG) və 21 milli federasiyasının birgə layihəsi olan voleybol üzrə Millətlər Liqasında qadınların və kişilərin yarışının hər birində 12 əsas və 4 əlavə komanda olmaqla ümumilikdə 16 kollektiv çempion adı uğrunda dairəvi sistem üzrə mübarizə aparacaq. Liqanın bir mövsümündə hər komanda ən az 15 matç keçirəcək. Ümumilikdə isə bir mövsüm ərzində 130-dan artıq görüş oynanılacaq. Yarışlar zamanı əsas komandalardan biri ən az bir qrupun oyunlarına ev sahibliyi edəcək.

Kişilərin mübarizəsində Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya, Yaponiya, Rusiya milliləri əsas, Avstraliya, Koreya Respublikası, Kanada və Bolqarıstan isə əlavə komandalar kimi seçiliblər.

Qadınların yarışında isə Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Niderland, Tailand, Türkiyə, Koreya Respublikası, Almaniya, Yaponiya, Rusiya seçmələri əsas, Argentina, Dominikan Respublikası, Polşa və Belçika yığmaları isə əlavə komandalar qismində çıxış edəcəklər.

Voleybol üzrə Millətlər Liqasının təsis olunmasının əsas məqsədi idmanın bu növünün kütləviliyinin artırılması, voleybolçuların irimiqyaslı beynəlxalq platformada çıxış etməsinə şəraitin yaradılmasıdır. Həmçinin qadınlar və kişilər üçün bərabər səviyyəli beynəlxalq yarış platformasının təsis olunması voleybolun daha sürətli inkişafına töhfə verəcək.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası sentyabrın 22-dən oktyabrın 1-dək keçirilən sonuncu Avropa çempionatında dördüncü yeri tutmasına baxmayaraq, Millətlər Liqasının iştirakçıları siyahısına salınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.