REGİONLAR
Voleybol üzrə klublararası muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol klubları arasında muxtar respublika birinciliyinin final mərhələsinin oyunları keçirilib. Yarışa şəhər və rayon mərhələlərində uğur qazanan 11 komanda qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışın reqlamentinə əsasən komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar. Noyabrın 16-da start götürən yarışda bu gün yarımfinal və final qarşılaşmaları reallaşıb. Həlledici oyunda Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandasından üstün olan “Şərur” birinciliyin qalibi olub. Üçüncülük matçında isə “Ordubad” və “Sədərək” məktəbliləri meydanda olub. Görüş ordubadlıların qələbəsi ilə yekunlaşıb.
Mükafatlandırma mərasimində iştirak edən gənclər və idman naziri Ramil Hacı, təhsil naziri Rəhman Məmmədov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli ilk üçlükdəki komandalara diplom, medal və kuboklar təqdim ediblər.
Qeyd edək ki, məktəblilərin fiziki hazırlığı və idman vərdişlərini artırmaq, asudə vaxtlarının səmərəli təşkili və respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komanda formalaşdırmaq məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.