İDMAN


Voleybol üzrə qadınlardan ibarət komandamız Sloveniyada təlim-məşq toplanışını tam heyətlə davam etdirir

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Sloveniyadakı təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC xəbər verir ki, sentyabr-oktyabr aylarında Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatında çıxış edəcək yığma komandamız hazırlıqlarda tam heyətlə çalışır.

Təlim-məşq toplanışının Bakıdakı hissəsində iştirak etməyən Nataliya Məmmədova artıq komandaya qoşulub.

Millimizin baş məşqçisi Faiq Qarayev da Sloveniyadadır və komandanın məşqlərinə rəhbərlik edir.

Voleybolçularımız Maribor şəhərində fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verir. Yığmamızın Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq. Komandamız İtaliya yığması ilə keçirəcəyi yoxlama oyunundan sonra sentyabrda Vətənə qayıdacaq.

Xatırladaq ki, Azərbaycanın və Gürcüstanın birgə təşkil edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə olacaq. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.