İDMAN
Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında keçirilən respublika birinciliyi yekunlaşıb
Bakı, 24 may, AZƏRTAC
Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında keçirilən respublika birinciliyi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi, ”Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəb, rayon (şəhər), zona və final mərhələləri üzrə keçirilən birinciliyə 3 min 600-ə yaxın ümumtəhsil məktəbindən 40 mindən çox məktəbli qatılıb.
Final yarışları Bakı şəhəri 20 nömrəli məktəb-liseyin idman zalında təşkil olunub. Nəticələrə əsasən, basketbol idman növü üzrə birinci yerə Bakı şəhəri 269 nömrəli orta məktəbin komandası layiq görülüb. İkinci yeri Bakı şəhəri 260 nömrəli orta məktəbin komandası, üçüncü yeri isə Cəlilabad rayonu 8 nömrəli orta məktəbin komandası tutub. Voleybol idman növü üzrə birinci yerə Balakən rayonu Sarıbulaq kənd orta məktəbinin komandası sahiblik edib. İkinci yerdə Bakı şəhəri 89 nömrəli orta məktəbin komandası, üçüncü yerdə isə Şəki şəhəri 10 nömrəli tam orta məktəbin komandası qərarlaşıb.
Qaliblər kubok və diplomlarla təltif ediliblər.