İDMAN
Voleybol yığmalarımızın “Bakı-2017”də keçirəcəyi oyunlarının vaxtı müəyyənləşib
Bakı, 18 aprel, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadın voleybolçuların yarışında 5 komanda birincilik uğrunda mübarizə aparacaq.
Millimiz ilk oyununu mayın 11-də Qırğızıstan yığmasına qarşı keçirəcək. İki gün sonra voleybolçularımız Tacikistan yığması ilə üz-üzə gələcəklər. Mayın 14-də Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək.
Yarışın yarımfinal mərhələsi mayın 17-də, final oyunu isə bir gün sonra təşkil olunacaq.
Kişi voleybolçuların mübarizəsində isə 8 milli iki qrupda yarışacaq. “A” qrupunda yer alan yığmamız IV İslam Həmrəyliyi Oyunlarına mayın 11-də Pakistan ilə oyunla başlayacaq. Millimiz mayın 13-də Türkiyə, mayın 16-da Fələstin, bir gün sonra isə Türkmənistanı sınağa çəkəcək.
Kişilərin mübarizəsində yarımfinal görüşləri mayın 20-də, qızıl medal uğrunda oyun isə bir gün sonra keçiriləcək.