ELM VƏ TƏHSİL
Volf-Raye tipli ulduzlarla bağlı elmi-tədqiqat işləri aparılır
Bakı, 7 may, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun dəvəti ilə həmin institutda birgə elmi tədqiqat işləri aparmaq üçün Praqa şəhərində elmi ezamiyyətdədir.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, səfər müddətində sintetik spektr qurmaq üsulundan istifadə etməklə müxtəlif qalaktikalarda olan Volf-Raye (WR) tipli ulduzların fiziki parametrlərinin təyini, bizim qalaktikada WR tipli ulduzların fəza paylanması və bu tip ulduzların əmələ gəlməsində onların formalaşdığı ulduzlararası mühitin “metallikliyi”nin rolunun araşdırılması üzrə tədqiqat işləri aparılacaq.
Ezamiyyə “Ekstremal Massiv ulduzların Fizikası” adlı, “Mariya-Sklodovskaya-Küri” qrant layihəsi çərçivəsində Avropa İttifaqının Tədqiqat və İnnovasiya Proqramı – “Horizon 2020” tərəfindən maliyyələşdirilib.