SİYASƏT


Volkan Aydemir: Cənubi Qafqazda yaranan yeni reallıqlar bir çox problemin aradan qaldırılması baxımından mühüm amildir

İstanbul, 14 aprel, AZƏRTAC

Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlar, Azərbaycanın müasir texnologiyalara və zəngin yeraltı sərvətlərə malik olması, qədim İpək Yolu üzərində yerləşməsi və mühüm strateji mövqeyi geosiyasi baxımdan bir çox dünya dövlətlərinin diqqət mərkəzində olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir deyib.

V.Aydemir bildirib ki, tarixi İpək Yolunun yenidən dirçəldilməsi və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinə çevrilməsi, xammal və məhsul transferində alternativ iqtisadiyyatın təməlini istehsal və ixracat üzərində quran qlobal şirkətlər və dövlətlər üçün Cənubi Qafqazın cazibəsi daha da artıb. “Qarabağ bölgəsinin Azərbaycanın nəzarətinə keçməsi isə istər tranzit yük daşınması, istər enerji təhlükəsizliyi kimi bir çox problemlərin aradan qaldırılması baxımından mühüm bir amildir. Hər kəsə bəllidir ki, yaxın keçmişdə Ermənistan tərəfindən işğal edilmiş bu marşrut həm yük daşıyıcıları, həm də daşınacaq yük və enerji məhsullarının təhlükəsizliyi baxımından riski altında idi. Bölgənin uzun müddət ölü torpaq olaraq qalması, yəni ticarət yolu olaraq istifadə edilməməsinin əsas səbəbləri məhz bunlardır. İstər tarixi köklər, istərsə də digər bazarlara açılması və körpü rolu oynaması nöqteyi-nəzərindən Türkiyənin də maraq dairəsinə daxil olan Cənubi Qafqaz bölgəsi müharibədən sonra beynəlxalq paradiqmaları dəyişdirilən mühüm və strateji bir coğrafi əraziyə çevrilib”, - deyə V.Aydemir vurğulayıb.

Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri qeyd edib ki, qərb dünyasının ticarət, xüsusən enerji nəqli baxımından bu günlərdə etibarlı olmayan xətlərin alternativi olaraq İpək Yoluna, Azərbaycan-Cənubi Qafqaz-Türkiyə marşrutuna üstünlük verməsi qaçılmazdır. Bu alternativ model isə Cənubi Qafqazın bölgədəki əhəmiyyətini artırmaqla yanaşı, şərq-qərb nəqliyyat xəttində strateji bir mövqe təşkil edir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.