SİYASƏT


Volkan Aydemir: Qarabağ özünün ikinci həyatını yaşamağa başlayır

İstanbul, 26 oktyabr, AZƏRTAC

Otuz ilə yaxın işğal altında tutulan, erməni vandalizminin çirkin əməllərinə məruz qalan, bu dövr ərzində bütün tikililəri ilə birlikdə qəbiristanlıqları belə dağıdılıb viran edilən Azərbaycanın tarixi Qarabağ torpağı bu gün özünün, sözün əsl mənasında, ikinci həyatını yaşamağa başlayır. Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə də aparılan yenidənqurma işləri bir türk olaraq hər birimizin yarasını sağaldır. Bu gün Türkiyə və Azərbaycan prezidentləri birgə bu tarixi və bölgədə xüsusi yerə sahib Füzuli şəhərində yeni aeroportun açılışını etdilər, bir çox layihələrin təməli atıldı. Bu mənzərə hər birimizi qürurlandırdı, fərəhləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Füzuli hava limanının açılışı ilə yanaşı, bu günün həm də uzun illərdən sonra Qarabağın dünya ilə bağlandığı tarix olduğunu qeyd edən V.Aydemir bildirib: “Bu hava limanı Qarabağı dünya ilə bağlayan yol olmaqla yanaşı, həm də bölgənin dünya ticarətinə açılan qapısıdır. Bu qapının açılması və Qarabağın tarixi simasının özünə qaytarılması uğrunda iki qardaş dövlətin əl-ələ verməsi, həm Türkiyə-Azərbaycan qardaşlığı, həm də bölgədə sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Türk dünyasının qardaşlıq rəmzi olan Türkiyə-Azərbaycan birliyi Azərbaycan Ordusunun yazdığı 44 günlük dastanda da, Qarabağın yenidən qurulmasında da özünü büruzə verir. Bu gün bütün dünya Qarabağda aparılan bərpa işlərini alqışlayır. Biz bunun üçün qardaşlığımız və birliyimiz naminə həyata keçirilən bütün layihələrin memarı olan prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə minnətdarıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.