CƏMİYYƏT


Volkan Bozkır: Pandemiya Birləşmiş Millətlər Təşkilatının institutlarını sınaqdan keçirir

Bakı, 15 sentyabr, AZƏRTAC 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır BMT-nin koronavirus pandemiyasına qarşı mübarizə apardığı və öz inkişafı üçün strateji istiqamət inkişaf etdirdiyi çətin dövrdə vəzifəsinə başlayıb.

Volkan Bozkır diplomatik xidmətə 1972-ci ildə başlayıb. Bir sıra yüksək vəzifələrdə - Türkiyənin Nyu-Yorkdakı baş konsulu, Rumıniyadakı səfiri və AB-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb.

O, BMT Baş Assambleyasının 75-ci sessiyası ərəfəsində BMT Xəbərlər Xidmətinin müxbirlərinə müsahibəsində Təşkilatın hazırda üzərində işlədiyi problemlər barədə fikirlərini bölüşüb.

AZƏRTAC BMT-nin saytında dərc edilmiş müsahibəni təqdim edir.

- COVID-19 pandemiyası indi işimizdə prioritetə çevrilib. Buna görə də bu mövzunu BMT-nin 75-ci sessiyasının gündəliyinə daxil etməyə qərar verdim. Təşkilata üzv dövlətlər bu sessiya üçün “İstədiyimiz gələcək; Ehtiyacımız olan Birləşmiş Millətlər Təşkilatı: Çoxtərəfli münasibətlərə kollektiv bağlılığımızın təsdiqlənməsi” şüarını seçiblər. “Mən buna bir sətir də əlavə etdim: “Səmərəli kompleks hərəkətlər vasitəsilə COVID-19 qarşı əks-təsir”.

BMT-nin tarixində ilk dəfə olaraq pandemiya Birləşmiş Millətlər Təşkilatının təsisatlarını sınaqdan keçirir. Biz qlobal səviyyədə virusa qarşı təcili tədbirlər görməyə və pandemiyanın beynəlxalq cəmiyyətə və dünya iqtisadiyyatına vurduğu ziyanı aradan qaldırmağa borcluyuq.

- Bu il BMT-nin 75 yaşı tamam olur. Bu yubiley Baş Assambleyanın indiki sessiyasının sədri kimi sizin üçün nə deməkdir?

- COVID-19 BMT-nin İkinci Dünya müharibəsindən sonra yarandığı vaxtdan bəri dünyanın görmədiyi qlobal böhrandır. Bu, təkcə səhiyyə sahəsində böhran deyil, həm də sosial və iqtisadi krizdir. Pandemiya BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi alətlər vasitəsilə aradan qaldırmağa çalışdığı problemləri daha da kəskinləşdirib.

Pandemiyaya qarşı mübarizədə bütün bəşəriyyət iştirak edir. Birlik vaxtı yetişib. BMT-yə üzv dövlətlərin ümumi rifah naminə sıx əməkdaşlıq üçün heç vaxt daha yaxşı səbəbləri olmayıb. Əminəm ki, biz bu böhrandan əvvəlkindən daha güclü çıxacağıq.

Baş Assambleya pandemiyaya qarşı mübarizədə mərkəzi rol oynamaq üçün nəzərdə tutulub. Çünki BMT üzv dövlətlərin ümumi problemləri həll etmək üçün kollektiv resursların yönəltməsinin mexanizmidir. Buna nümunə koronavirusa qarşı vaksinin hazırlanmasıdır. Onun ümumi dəyərə çevrilməsi və ədalətli əsasla bölüşdürülməsini təmin edə biləcəyikmi? Pandemiya sərhəd tanımır. Hamımız təhlükəsiz şəraitdə olmayana qədər heç birimiz təhlükəsizlikdə olmayacağıq.

- BMT islahatı barədə nə düşünürsünüz? BMT və Baş Assambleyanın yaxın 75 il ərzində beynəlxalq siyasətin təsirli bir aləti olaraq qalmasını necə təmin etmək olar?

- Bu əlamətdar ildönümü bizə artıq əldə olunanlara yaxından baxmaq və bu qazanclardan BMT-nin və beynəlxalq ictimaiyyətin bu gün üzləşdiyi problemlərin öhdəsindən gəlmək məqsədilə istifadə etmək üçün unikal fürsət təqdim edir. Aktual qalmaq və ilkin məqsədlərə uyğun olmaq üçün beynəlxalq institutlar yeni şərtlərə uyğunlaşmalı və islahatlardan çəkinməməlidir. BMT-də islahat aparılması fikrini dəstəkləyirəm və planetdəki sülhün, təhlükəsizliyin qorunması kimi sahələrdə köklü dəyişikliklərin tərəfdarıyam. Birgə hərəkətlər BMT “ailəsinin” birləşməsinə və bütün bölmələrinin koordinasiyalı işinə kömək edəcək.

BMT bu günə qədər çoxtərəfli prinsipə əsaslanan qlobal problemlərin həlli üçün standartları təyin edən universal üzvlü yeganə beynəlxalq təşkilat olaraq qalır. Baş Assambleya isə öz növbəsində bütün üzv dövlətlərin bərabər səsə sahib olduğu yeganə BMT qurumudur.

- Sədrliyinizin mövzusu olaraq niyə həssas qrupların mövqeyini seçdiniz?

- Qlobal problemlər və böhranlar həssas insanlara və ölkələrə ağrılı təsir edir. Köməyə və dəstəyə ehtiyacı olan insanlar, BMT-nin ən demokratik orqanında unudulmadıqlarını hiss etməlidirlər. Baş Assambleyadakı müzakirələr zamanı dünyanın hər yerindən insanların səslərinin eşidilməsini təmin etmək üçün çalışacağam.

- 2020-ci il qadın hüquqları uğrunda mübarizədə mühüm ildir. Biz Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının 25-ci ildönümünü və BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik barədə” tarixi qətnaməsinin 20-ci ildönümünü qeyd edirik. Dünyada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün hansı addımları atacaqsınız?

- Faktlar göstərir ki, gender bərabərliyi planetin müxtəlif regionlarında təhlükəsizlik və rifah səviyyəsinin yüksəlməsinə imkan yaradır. Təəssüf ki, qadınların çox vaxt layiqli iş əldə etmək, əməyin bərabər ödənilməsinə nail olmaq, keyfiyyətli təhsil və adekvat tibbi xidmət almaq imkanları olmur. Onlar şiddət və ayrı-seçkilikdən əziyyət çəkirlər və tez-tez əhəmiyyətli siyasi və iqtisadi qərarların qəbul edilməsi prosesində "kənarda" qalırlar. Təəssüf ki, COVID-19 pandemiyası bu sahədə son onilliklər ərzində qazanılan nailiyyətləri də bərabərləşdirə bilər. Bunun baş verməsinə icazə verməməliyik.

Qadının statusunun yaxşılaşdırılması cəmiyyətlərimizi daha açıq və məhsuldar edir və bu, hər kəsə fayda gətirir. Sosial standartların müəyyənləşdirilməsində əsas beynəlxalq institut kimi BMT bu sahədə xüsusi məsuliyyət daşıyır və başqalarına nümunə olmağa borcludur.

Komandamı formalaşdırarkən, gender bərabərliyinə riayət edilməsinə xüsusi diqqət yetirdim: qadınlar indi kişilərdən daha çoxdur, ali rəhbərlikdə isə gender bərabərliyi saxlanılır. Bənzər yanaşmanın sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişafla bağlı işimizdə tətbiq olunmasını təmin edəcəyəm.

- Dövlət qulluğu ilə necə maraqlandınız? Sizin üçün əsas motiv nə idi?

- Təxminən yarım əsrlik təcrübəsi olan peşəkar diplomat və siyasətçi kimi bütün peşə həyatımı dövlət qulluğunda keçirdim. Mən hər zaman ölkəmə və xalqıma xidmət etməkdən qürur duymuşam.

İndi həyatımda yeni və ümid edirəm ki, daha səmərəli fəsil açıram: bütün BMT üzv dövlətlərinə xidmət edəcəyəm. Mənim motivasiyam çoxvektorlu diplomatiyanın effektivliyinə güclü inamla yanaşı, bəşər tarixi kontekstində kiçik olsa da, bəşəriyyətin ümumi rifahına töhfə vermək istəyinə əsaslanır. Bu məqsədə çatmaq üçün Birləşmiş Millətlər Təşkilatından daha yaxşı yer təsəvvür edə bilməzdim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.