SİYASƏT
Volkan Bozkır: Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ çiçəklənən diyara çevriləcək

Şuşa, 7 iyun, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir həm zamanında keçirilir, həm də çox yararlı olacaq. Bu tədbirə sabiq prezidentlər, baş nazirlər, xarici işlər nazirləri və digər nümayəndələr qatılıblar. Bu gün Azərbaycan rəsmiləri tərəfindən çox mühüm məlumatlar verildi. Bu məlumatlar Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşümüzdə çox yararlı olacaq. Burada bütün eşitdiklərimizi, gözləntilərimizi həmin görüşdə çatdıracağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır deyib.
“Şuşaya sonuncu dəfə keçən il gəlmişdim. Ötən müddətdə Şuşada çox önəmli irəliləyişlər olub. Gələcəyə yönəlik müsbət addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağı daha yaxşı yerlərə, çiçəklənən diyara çevirəcək. Ermənistan isə təxribatlar, dağıntılar törədiyi Qarabağın əvvəlkindən daha gözəl hala gətirildiyini görəcək”, - deyə BMT Baş Assambleyasının 75-ci prezidenti söyləyib.
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına toxunan Volkan Bozkır Azərbaycanın 30 il müddətində baş verən təxribatlara baxmayaraq barışı daha çox istədiyini bildirib. Eyni zamanda, deyib ki, erməni diasporu, dünyanın müxtəlif yerlərində, yaxşı şəraitdə yaşayan ermənilər sülh istəmirlər, öz yerli əhalisinin müsbət addım atmasına mane olurlar. “Çünki onlar illərlə Azərbaycana, Türkiyəyə səbəb olmadan düşmənçilik mövqeyi bəsləyiblər. Yalnız Azərbaycanın istəməsi ilə barış olmur. Amma Azərbaycanın güclü mövqeyi, dünyadakı hörməti bu məsələlərin həlli istiqamətində önəmli rol oynayacaq. Biz Türkiyə olaraq hər zamana qardaş Azərbaycanın yanındayıq”, - deyə V.Bozkır vurğulayıb.