DÜNYA
Volqodonsk şəhərində 20 il əvvəl baş vermiş qanlı terror aktı qurbanlarının xatirəsi anılır
Moskva, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində 20 il əvvəl baş vermiş dəhşətli terror aktı qurbanlarının xatirəsi anılır. 1999-cu il sentyabrın 16-da səhər 6-da doqquzmərtəbəli yaşayış binasının qarşısındakı “QAZ-53” markalı yük avtomobilinin partladılması nəticəsində 19 nəfər ölmüş, 89 sakin yaralanmış, bina isə tamamilə yararsız vəziyyətə düşmüşdü.
AZƏRTAC xəbər verir ki, hadisəni araşdıran təhqiqat qrupu yük avtomobilinin azərbaycanlı Abbasqulu İsgəndərova məxsus olduğunu müəyyən etmişdi. Məlum olmuşdu ki, A.İsgəndərov avtomobilini Şimali Qafqazdan olan naməlum şəxslərə satıb. Onlar isə maşına 10 ton kartof adı altında böyük miqdarda partlayıcı qurğu yükləyərək ondan avtomobili bir gecəlik yaşadığı evin həyətində saxlamağı xahiş ediblər. Yükün partlayıcı qurğudan ibarət olmasından xəbərsiz A.İsgəndərov bütün gecəni avtomobildə oturaraq yükü mühafizə edib və yalnız səhərə yaxın evə gedib. Hadisə də elə bu zaman baş verib.
Qeyd edək ki, həmin il Rusiyada silsilə terror aktları törədilmişdi. Sentyabrın 4-də Buynaqskda, 8-də və 13-də isə Moskvada baş verən partlayışlar nəticəsində ümumilikdə 500-ə yaxın insan həlak olmuşdu. İstintaq qrupu bu hadisələrin Əmir Əl-Xəttam və Abu Umarın rəhbərlik etdikləri terror qruplaşması tərəfindən təşkil olunduğunu müəyyənləşdirmişdi. Terror aktlarının təşkilatçısı olan qrupun üzvləri sonradan xüsusi xidmət orqanları tərəfindən Rusiya ərazisində məhv edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva