DÜNYA
“Volvo” 2030-cu ildən yalnız elektrik avtomobilləri istehsal edəcək
Bakı, 2 mart, AZƏRTAC
İsveçin “Volvo Cars” kompaniyası 2030-cu ildən başlayaraq yalnız elektrik avtomobilləri istehsal etməyi və bu sahənin lideri olmağı planlaşdırır. Kompaniya bu müddətə qədər tədricən hibrid mühərriklər də daxil olmaqla, daxiliyanma mühərrikli avtomobillərinin hamısını qlobal model sırasından çıxarmaq niyyətindədir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, tam elektrik avtomobillərinə keçid “Volvo” kompaniyasının iqlim planının bir hissəsidir.
Kompaniya yüksək keyfiyyətli enerji doldurma stansiya infrastrukturunun genişlənməsi, qanunvericiliyin dəyişdirilməsi və daxiliyanma mühərrikli maşın bazarının azalması hesabına elektrik avtomobillərinə tələbin artacağını gözləyir.
“Volvo” həmçinin yaxın zamanlarda yalnız online şəkildə satılacaq yeni elektromobil modeli seriyasının istehsalını planlaşdırır.
“Uğuru davam etdirmək üçün gəlirimizi artırmalıyıq. Bu səbəbdən azalan biznesə vəsait yatırmaq əvəzinə, gələcəyə, elektrikə və online satışa investisiya qoymalıyıq”, - deyə kompaniyanın baş direktoru Hokan Samuelsson bildirib.
Qeyd edək ki, “Volvo” 2020-ci ildə ilk tam elektrikli “XC40 Recharge” avtomobilinin satışına başlayıb. Kompaniya 2021-ci il martın 2-də bu seriyadan olan ikinci elektromobilini təqdim edib.
2025-ci ilədək kompaniyanın satışlarının yarısının elektrik mühərrikli, yarısının isə hibrid mühərrikli avtomobillər olacağı nəzərdə tutulur.
1927-ci ildən fəaliyyət göstərən “Volvo Cars” kompaniyasının məhsulları 100-dən çox ölkədə satılır. Kompaniyada təxminən 40 min insan çalışır. 2010-cu ildə Çinin “Zhejiang Geely” holdinqi İsveç avtomobil istehsalçısını satın alıb.
Qeyd edək ki, “Volvo” kompaniyası 2020-ci ildə dünya üzrə 661 min 713 avtomobil satıb ki, bu da öncəki illə müqayisədə 6,2 faiz azdır.