DÜNYA


“Volvo Vera” – İsveç şirkətinin yükdaşımaların gələcəyi ilə bağlı yeni konsepsiyası

Stokholm, 14 sentyabr, AZƏRTAC

İsveçin “Volvo” avtomobil şirkəti yükdaşımaların gələcəyi ilə bağlı konsepsiyasını təqdim edib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, şirkətin avtobus və yük avtomobillərinin istehsalı ilə məşğul olan bölməsi “Vera” adlanan yeni konseptual nəqliyyat platformasını ictimaiyyətlə paylaşıb.

Yeni yanaşmanın əsas ideyası tamamilə elektrik mühərrikləri ilə işləyən xüsusi özüidarəolunan modulların qoşqu qismində istifadə edilməsidir. Bu cür modulların özəlliyi ondadır ki, onlarda ənənəvi kabinə olmayacaq və maşının əllə idarə edilməsi nəzərdə tutulmur.

Avtomobilin qoşquları mürəkkəb müstəqil idarəetmə sistemləri ilə təchiz olunmalıdır. Sistemlər elə düşünülüb ki, maşının mövcud vəziyyətini dəqiqliklə müəyyən etmək, yol hərəkətinin digər iştirakçılarının mövqeyini təfərrüatı ilə izləmək və təhlilini aparmaq, habelə hər hansı situasiyaya xətasız reaksiya vermək mümkün olsun.

Qoşqular müasir texnologiyalar vasitəsilə “bulud” xidmətinə və nəqliyyatı idarəetmə mərkəzinə qoşulmalıdır. Sistem mövcud reysin fasiləsiz monitorinqini apara və hər bir nəqliyyat vasitəsinin vəziyyətini, akkumulyatorların gücünü, yükün tərkibini, istismar tələblərini və digər parametrləri dəqiq müəyyən edə biləcək. Bundan başqa, qoşqular indiki analoqları ilə uyğunlaşdırılacaq. Maşınlar isə daha az gurultusu və atmosferə zərərli maddələr buraxmaması ilə fərqlənəcək. Beləliklə, şirkətlərin daha az məsrəflə daha çox səmərəli yükdaşımanı həyata keçirmələri gözlənilir.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.