ELM VƏ TƏHSİL


Voronej Dövlət Texniki Universitetində 42 azərbaycanlı tələbə təhsil alır

Bakı, 12 oktyabr, AZƏRTAC 

Voronej Dövlət Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, şöbənin əməkdaşı İsa Muradovla görüşüblər. Görüşdə ikitərəfli əlaqələrin qurulması istiqamətində işgüzar müzakirələr aparılıb.

Akif Qasımov Azərbaycanın Rusiya ilə bütün sahələrdə uğurlu əməkdaşlığından danışıb. Prorektor təhsil sahəsində görülən işlərin də təqdirəlayiq olduğunu bildirib. O, AzMİU-nun beynəlxalq əlaqələrin qurulmasında qonşu ölkələrin universitetlərinə dəyər verdiyini, Avropa universitetləri ilə yanaşı, Rusiyanın bəzi ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyib.

Voronej Dövlət Texniki Universitetinin birinci prorektoru Sergey Safonov belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, çalışdığı universitetdə 42 azərbaycanlı tələbə təhsil alır. Sergey Safonov AzMİU ilə uyğun fakültələr üzrə əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin, birgə təlim və konfransların keçirilməsinin mümkünlüyündən də danışıb.

AzMİU-nun beynəlxalq əlaqələrindən danışan Fərhad Əliyev Rusiya universitetləri ilə səmimi, işgüzar münasibətlərin qurulduğunu qeyd edib. O, rusiyalı tələbələrin ötən illərdə universitetin “Qış məktəbi”ndə oxuduqlarını qonaqların diqqətinə çatdırıb və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən sonra qonaqlar tanışlıq məqsədilə memarlıq fakültəsində olub, auditoriya və studiyaları gəzib, dərs prosesini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.