İDMAN


Vüqar Əliyev: Əminik ki, rayonumuzun gəncləri Azərbaycanın inkişafına dəyərli töhfələr verəcəklər

Bakı, 8 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

Gənclərlə iş və idman sahəsində dövlət siyasətini həyata keçirən gənclər və idman idarələri bu istiqamətdə səmərəli fəaliyyətləri ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər. Cəmiyyətdə mühüm əhəmiyyətə malik olan bu qurumlar ötən illərdə olduğu kimi, 2018-ci ildə də ölkəmizdə avanqard qüvvə olan gənclərin tərbiyəsi, demokratik prinsiplərə, ümummilli dəyərlərə yiyələnməsi üçün məqsədyönlü tədbirlər həyata keçiriblər. Bu baxımdan Xəzər rayon gənclər və idman idarəsinin fəaliyyəti də diqqətəlayiqdir.

İdarənin rəisi Vüqar Əliyev AZƏRTAC-a müsahibəsində başa çatmaqda olan ildə Xəzər rayonunda gənclər və idman sahəsində görülən işlər barədə məlumat verib.

Gənclər sahəsində çoxsaylı tədbirlərdə uşaq və
yeniyetmələrin fəal iştirakına xüsusilə diqqət yetirilib

V.Əliyev deyib ki, rayonda gənclər sahəsi üzrə təşkil edilən çoxsaylı tədbirlərdə uşaq və yeniyetmələrin fəal iştirakına xüsusilə diqqət yetirilib. 2018-ci ildə gənclər sahəsində 60-dan çox tədbirdə 7 minədək yeniyetmə və gənc iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa və rayonun tam orta məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqələri, Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda gənclərlə görüş və digər tədbirlər kütləvi xarakter daşıyıb. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində sağlam həyat tərzinə aid kompleks tədbirlərdə, rayon internat məktəblərinin “İstedadlar sorağında-2018” festivalında, 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair “Şəhidlər unudulmur”, beynəlxalq ana dili günü, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Müharibə uşaqların gözü ilə” rəsm və inşa yazı müsabiqələrində, “Narkomaniya – insan faciəsi haqqında xəbərdarlıq nişanı” adlı tədbirlərdə gənclər böyük maraqla iştirak ediblər.

İstedadlı uşaq və yeniyetmələrin aşkarlanması əsas məqsədlərdən biridir

Müasir müstəqil Azərbaycanda yetişən gənc nəslin nümayəndələrinin müasir dövrün çağırışlarına cavab verən, istedadlı, daha innovativ olmasının təqdirəlayiq hal olduğunu bildirib: “Gənclərin elmi-texniki yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi, onların asudə vaxtının təşkili və istedadlı gənclərin aşkar edilməsi məqsədilə bu il rayonda çoxlu tədbirlər keçirilib. “Gənc ixtiraçı” adlı müsabiqə, “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Breyn-rinq” intellektual oyunları, "Xəzərin inciləri" rəsm sərgisi, Beynəlxalq Sülh Gününə həsr edilmiş internat məktəblərinin və fərdi qrup evi uşaqlarının rəsm və əl işlərindən ibarət sərgi, 11 yaşlı rəssam Leyla Əlihümbətovanın rəsm sərgisi, “Mənim hüquqlarım” mövzusunda test üsulu ilə bilik olimpiadası, “Mənim bayrağım” mövzularında şeir, inşa yazı, rəsm müsabiqələri və s. kimi tədbirlər yaradıcı gənclərin potensialını üzə çıxarmağa yardım edib. O, “Milli Qəhrəmanları tanıyaq və tanıdaq” maarifləndirmə tədbirləri, İslam həmrəyliyi, gənclərin dini radikalizmə, narkomanlıq, cinayətkarlığa və zərərli vərdişlərə qarşı mübarizəyə dair mövzularda dəyirmi masalar, uğurlu ixtisas və peşə seçimi əmək bazarının tələbləri ilə bağlı tədbirlər, eyni zamanda, gənclərin İKT biliklərinin artırılması mövzularında treninq və seminarların keçirildiyini bildirib. Təsadüfi deyil ki, rayonun yetirməsi Fatimə Məmmədli Bakı məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsində, Aysu Ağayeva “Mənim bayrağım” adlı rəsm müsabiqəsində üçüncü yeri tutublar. “Azərbaycanın İntellektual Birincisi” yarışmasında Xəzər rayonunun komandası ikinci yerdə qərarlaşıb.

Rayonun idmançıları ölkədaxili və beynəlxalq turnirlərdə fərqləniblər

Vüqar Əliyev bildirib ki, Mərakeşin paytaxtı Rabatda 70 ölkədən 4 minədək məktəbli idmançının mübarizə apardığı Məktəblilərin XVII Yay Gimnaziadasında rayonun yetirməsi böyük uğura imza atıb. Gimnaziadada Azərbaycan komandası ilk dəfə iki medal əldə edib. Xəzər rayonunun 26 saylı orta məktəbinin şagirdi Vüsal Balaqadaşov (taekvondo, 68 kq) bu nüfuzlu yarışda bürünc medal qazanıb.

Bundan başqa, idmançılarımız sambo üzrə Avropa birinciliyində gümüş, cüdo üzrə beynəlxalq turnirdə iki bürünc medala sahib olublar. Yeniyetmələrdən ibarət futbol komandamızın “Sevinc kuboku”nu qazanıb. Ümumiyyətlə, müxtəlif növlər üzrə rayon komandalarının zona, şəhər və respublika yarışlarında fərqləndiyini bildirən idarə rəisi il ərzində uşaq, yeniyetmə və gənclər arasında bir sıra idman yarışlarının da təşkil edildiyini vurğulayıb. Deyib ki, gənclər idman yarışlarına böyük həvəs göstərirlər. Ayrı-ayrı növlər üzrə keçirilən rayon birincilik və çempionatlarında ən güclü idmançılar müəyyən edilir. İl ərzində mini-futbol, güllə atıcılığı, voleybol, cüdo, stolüstü tennis, ciu–citsu, dördnövçülük, şahmat, poliatlon çoxnövçülüyü, badminton, futbol çimərlik voleybolu, kikboksinq, dama, stolüstü tennis, atletika, kosiki karate, kempo karate, güləş, basketbol və digər növlər üzrə kütləvi idman yarışları keçirilib. Ölkədaxili yarışlarda samboçularımız 1 qızıl, 7 gümüş, 9 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə 4 gümüş, 5 bürünc, sərbəst güləşdə 6 qızıl, 4 gümüş, 6 bürünc, cüdoda 1 qızıl və 1 bürünc medal əldə edilib. Voleybol üzrə Bakı şəhər məktəbliləri arasında rayonumuzun qızlardan və oğlanlardan ibarət komandası ikinci yeri tutub. Futbol üzrə həvəskarlardan ibarət komanda isə Bakı şəhər kubokunun qalibi olub.

“Artıq 2019-cu ilin ilk günlərini yaşayırıq. Ötən il Azərbaycan üçün ən uğurlu illərdən biri olub. Ölkəmizdə bütün sahələrdə əldə edilən böyük nailiyyətlər yeni ildə daha böyük qələbələr üçün əsaslı zəmin yaradıb. Əminik ki, rayonumuzun gəncləri Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər”, - deyə V.Əliyev diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.