REGİONLAR


Vüqar Bayramov: Ağdam Sənaye Parkına 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub

Bakı, 22 noyabr, AZƏRTAC

Ağdamda yeni yaradılacaq sənaye parkına 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

O bildirib ki, işğal müddətində erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış Ağdam yeni quruculuq mərhələsinə qədəm qoyub. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf edib. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam torpağının 92 faizi əkin üçün yararlıdır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istehsal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb. Artıq rayonunun Baş Planı təsdiq olunub. Baş Plana əsasən, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi.

“Ağdamda yeni yaradılacaq sənaye parkına 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu, 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxilə, bir qisminin xaricə ixrac olunması nəzərdə tutulur.

Böyük turizm potensialına malik olan Ağdam rayonunun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdamda istehsal olunan məhsulların bir qisminin “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə ixracı mümkün olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.