REGİONLAR
Vüqar Fərzəliyev: Şəhid ailələri və müharibə əlillərinə qayğı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır
Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev bildirib.
O deyib: “Bildiyiniz kimi, şöbəmiz Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanına əsasən yaradılıb. Ümumilikdə, şöbəmizin iş prinsipi şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə yardım göstərilməsindən ibarətdir. Bu günə qədər şöbəmizə şəhid ailələrindən, qazilərdən, müharibə iştirakçılarından müəyyən müraciətlər daxil olub. Əlimizdən gələni əsirgəmədən, bütün vasitələrdən istifadə edərək onlara kömək olmağa çalışırıq. Elə məsələlər var ki, yerindəcə aradan qaldırılır, bəzi müraciətlər isə rayonun digər qurumları ilə koordinasiyalı şəkildə, ya da yuxarı instansiyalara müraciət edilərək həll olunur. Hər hansı problemi olan şəhid ailələri, müharibə iştirakçıları və qazilər icra hakimiyyəti nəzdində olan şöbəyə müraciət etməlidirlər. Mən fürsətdən istifadə edib, cənab Ali Baş Komandanımız, möhtərəm Prezidentimizə təşəkkürümü bildirmək istəyirəm. Otuz ildən sonra bizə bu möhtəşəm zəfəri yaşatdı. Birinci Qarabağ müharibəsi zamanı, həmçinin Vətən müharibəsində xidmət etmişəm, ehtiyatda olan zabitəm. “Dəmir yumruq” əməliyyatında pay sahibi olduğum üçün qürur duyuram”.
Şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsi nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlər hər zaman olduğu kimi, ictimaiyyət tərəfindən böyük rəğbətlə və məmnunluqla qarşılanır.