İDMAN
Vüqar Həşimovun xatirə turnirində yenə də Azərbaycan şahmatçıları görüşəcəklər VİDEO
Şəmkir, 23 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Şəmkirdə tanınmış Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnir davam edir. Bu gün turnirin dördüncü turu keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu turda Rusiya şahmatçısı Sergey Karyakin Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilə görüşəcəkdir. Azərbaycanın ikinci nümayəndəsi Teymur Rəcəbov ABŞ şahmatçısı Hikaru Nakamura ilə qarşılaşacaqdır. İtaliya təmsilçisi Fabiano Karuana üç turdan sonra liderliyi əlində saxlayan norveçli Maqnus Karlsen ilə gücünü sınayacaqdır.
“B” qrupunun dördüncü turunda aşağıdakı şahmatçılar görüşəcəklər: Vasif Durarbəyli – Qədir Hüseynov (hər ikisi Azərbaycandan), Nicat Abbasov (Azərbaycan) – Etyen Bakro (Fransa), Rauf Məmmədov (Azərbaycan) – Van Xao (Çin), Radoslav Voytaşek (Polşa) – Eltac Səfərli (Azərbaycan), Pavel Elyanov (Ukrayna) – Aleksandr Motılyov (Rusiya).
“A” qrupunun iştirakçılarının vəziyyəti belədir: M.Karlsen – 2,5 xal, F.Karuana, S.Karyakin, H.Nakamura, T.Rəcəbov – hərəyə 1,5 xal, Ş.Məmmədyarov – 0,5 xal. “B” qrupunun turnir cədvəlində isə vəziyyət belədir: E.Bakro – 2,5, P.Elyanov – 2, N.Abbasov, Van Xao, R.Voytaşek, A.Motılyev, E.Səfərli – hərəyə 1,5 xal, V.Durarbəyli, Q.Hüseynov və R.Məmmədov – hərəyə 0,5 xal.