REGİONLAR
Vüqar Hüseynov: Bu il pambıq sahələrində məhsuldarlıq ötən illə müqayisədə çox yüksəkdir
Bakı, 23 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Bu il pambıq sahələrində məhsuldarlıq ötən illə müqayisədə çox yüksəkdir. Ötən il ölkə üzrə 132 min 512 hektar sahədən 233 min 592 ton pambıq yığılmışdı. Bu il isə ilk yığım başa çatmamış artıq bu göstəriciyə nail olmuşuq. Son operativ məlumata görə, oktyabrın 23-dək qəbul məntəqələrinə 229 min 554 ton pambıq təhvil verilib. Nəzərə alsaq ki, bu il pambıq əkini sahələri ötən ilə nisbətən 32 min hektar azaldılıb, yüksək məhsuldarlığın əldə olunduğunu söyləyə bilərik.
Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Bu il Azərbaycanın 20 rayonunda 100 min 111 hektar sahədə pambıq əkildiyini vurğulayan Vüqar Hüseynov qeyd edib ki, ötən il pambıq üzrə orta məhsuldarlıq göstəricisi 17,6 sentner idi: “Hazırda son rəqəmlərə görə, orta məhsuldarlıq ötənilki göstəricidən ən azı 6 sentner çoxdur. Lakin bu, son deyil. Rayonlarda pambıq yığımı davam edir. Bildiyiniz kimi, pambıq yığımı bir qədər fərqli prosesdir. Burada sahələrdən yığım iki dəfə aparılır. Hazırda 100 min hektar sahənin 90 faizində birinci üz yığım aparılıb. Təxminən 10 min hektar yığılmamış sahə var. Eyni zamanda, 40 min hektar sahədə də ikinci yığımın aparılacağı proqnozlaşdırılır. Pambıq yığımını optimal vaxtda tam yekunlaşdırmağı nəzərdə tuturuq, hava şəraiti də buna imkan verir. Yığım başa çatdıqdan sonra orta məhsuldarlıq göstəricisinin ötən ilin göstəricisindən çox yüksək olduğunu görə biləcəyik”.
Şöbə müdiri pambıqçılıqda məhsuldarlığın artmasına təsir göstərən amilləri də sadalayıb: “Pambıq sahələrinin gübrə ilə təminatının yüksək səviyyədə təşkili, toxum seçimi, ən əsası isə aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi məhsuldarlığın artmasını şərtləndirən əsas amillərdəndir. Fermerlərin mütəmadi təlimlərə cəlb olunması da öz sözünü deyib. Dövlət dəstəyinin genişləndirilməsi fermerləri sahələrə texnoloji xəritəyə uyğun aqrotexniki qulluq etməyə həvəsləndirir, nəticədə fermer eyni sahədən bu il daha çox məhsul götürür. Məhsulun bol olması fermerin daha çox qazanması deməkdir”.