CƏMİYYƏT
Vüqar İskəndərov: Yenidən sərtləşmələrə gedilməməsi üçün vaksinasiya prosesi davam etdirilməlidir
Bakı, 22 iyun, AZƏRTAC
Ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılması onu deməyə əsas verir ki, həyata keçirilən ardıcıl tədbirlər öz səmərəsini verir. Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət olunması labüd və vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, həyata keçirilən yumşalmalara baxmayaraq, COVID-19 təhlükəsi yenə də qalmaqdadır. Yumşalmalardan sonra təbii ki, arxayınlaşmaq olmaz. Əksinə, yenidən sərtləşmələrə gedilməməsi üçün vaksinasiya prosesi davam etdirilməli, qaydalara əməl olunmalıdır.
Ölkəmizdə vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirildiyini vurğulayan V.İskəndərov diqqətə çatdırıb ki, əgər ölkəmizdə müəyyən yumşalmalara gedilirsə, bunun əsas səbəblərindən biri vaksinasiyadır. Hazırda dünya ölkələri ilə Azərbaycanı müqayisə etsək görərik ki, qonşu ölkələrdə vəziyyət heç də ürəkaçan deyil. İyun ayında Rusiyada yoluxma sayı demək olar rekord həddə çatıb. Gürcüstanda isə Cənubi Afrika və Hind ştammları aşkarlanıb və vaksinasiya prosesi də olduqca ləng gedir. Son 24 saat ərzində bu ölkədə 1000-ə yaxın yoluxma qeydə alınıb, 24 nəfər vəfat edib. Buna baxmayaraq, turizmə görə sərhədlər açılıb və ölkədə epidemioloji vəziyyət getdikcə pisləşir. Ona görə də hazırda ölkəmizin bu qlobal xəstəliyə qarşı apardığı mübarizə təqdirəlayiqdir.
Deputat qeyd edib ki, ümumilikdə Avropa regionunda da vəziyyət qənaətbəxş deyil. Ona görə də daha diqqətli olmalıyıq. Qonşu ölkələrdə tapılan yeni növ virusların Azərbaycana keçmə ehtimalı da yüksəkdir. Hind ştammının isə təhlükəli məqamları var. Bu mutasiyanın təhlükəsi ondadır ki, virusun bu variantı hüceyrələrə daxil olduqda anticisimlərə qarşı davamlı olur.
Artıq iyulun 1-dən ölkəmizdə toylara da müəyyən məhdudiyyətlərlə icazə verilməsinin əhalinin çoxdan gözlədiyi qərar olduğunu vurğulayan deputat qeyd edib: “Vətəndaşlarımızın Operativ Qərargahın qoyduğu qaydalara mütləq şəkildə riayət etməsi yaxşı olardı. Çünki toylar kütləvi tədbir olduğu üçün yoluxma ehtimalı yüksəkdir”.