CƏMİYYƏT
Vüqar Kərimov: İşğaldan əvvəl Qarabağ və Şərqi Zəngəzur ərazisində 2 mindən çox ali bitki növünə rast gəlinirdi
Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Ermənistan işğalından əvvəl Qarabağ və Şərqi Zəngəzur ərazisində 2 mindən çox ali bitki növünə rast gəlinirdi ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edirdi.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə Ermənistanın ekosidi barədə çıxışında deyib.
Nazir müavini bildirib ki, bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan növlər kimi Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və dünyanın “qırmızı siyahıları”na salınıb. Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Onlardan təxminən 10-u yalnız Şərqi Zəngəzur və Qarabağ bölgələrində bitən endemiklər olmaqla, dünyanın heç bir yerində təbii halda rast gəlinmir.
İşğaldan azad edilmiş bölgələrdə vaxtilə yayılan fauna növlərindən 127-sinin Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan növlər olduğunu deyən nazir müavini bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfərlər və aparılan monitorinqlər zamanı 100 kilometrlərlə məsafə qət edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb.
Vüqar Kərimov qeyd edib ki, ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq.