İQTİSADİYYAT
Vüqar Namazov: Gənclərin bilik səviyyəsi ölkəmizdə elmin, təhsilin inkişafından xəbər verir
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilir. Sevindirici haldır ki, bu sahəyə gənclərin marağı getdikcə artır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov "İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışı ilə bağlı bildirib.
O qeyd edib ki, gənclərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması, bilik və vərdişlərin formalaşması istiqamətində görülən tədbirlər davam edir və onların təşkilində məqsəd gənclərimizə maliyyə, kapital bazarları, ticarət birjaları haqqında biliklərin aşılanması və bu sahədə praktiki təcrübənin aparılması üçün imkanlar yaratmaqdır.
Yarışın qaliblərinin Bakı Fond Birjasında təcrübə proqramı keçmək imkanı əldə edəcəklərini bildirən Vüqar Namazov gənclərin Bakı Fond Birjasının partnyor şirkətlərinin təcrübə proqramlarından da faydalanmasını istədiklərini vurğulayıb. “Təhsil və elm sahəsində gənclərə həmişə dəstək oluruq. Silsilə master-klass təlimləri, təcrübə proqramlarımız mövcuddur. Nəzəri tədbirlərin praktikada tətbiqinə diqqət ayırırıq. Azərbaycanın bir sıra universiteti - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və başqa ali təhsil müəssisələri ilə bu sahədə sıx əməkdaşlıq edirik. Yarışa qatılan 19 komanda III simulyasiya yarışında iştirak etmək arzusunu bildirən 30 komanda arasından seçilib. Ayrı-ayrı təhsil müəssisələrindən 100-ə qədər tələbə müraciət etmişdi. Keçən il isə analoji yarışda cəmisi 10 komanda iştirak edirdi. İlkin qiymətləndirmədə onların bilik və səviyyəsinin yüksək olduğunu müəyyən etdik. Gənclərin bilik səviyyəsi ölkəmizdə elmin, təhsilin inkişafından xəbər verir. Düşünürəm ki, növbəti tədbir də bu məqsədlərə xidmət edəcək”, - deyə Vüqar Namazov əlavə edib.