İQTİSADİYYAT


Vüqar Namazov: Kapital bazarlarına çıxış tələb və ya məcburiyyət deyil, zərurətdir VİDEO

Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Kapital bazarlarına çıxış tələb və ya məcburiyyət deyil, zərurətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 17-də Bakıda keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı konfransda Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov deyib.

O bildirib ki, bu gün kapital bazarlarının önəmliliyi və vacibliyi aktual mövzuya çevrilir. Kapital bazarlarının maliyyə sistemində əhəmiyyətli rolu var. Son dövrlərdə bazarda maliyyə və investisiya alətlərinin şaxələndirilməsi üçün tələb yaranıb: “Artıq kapital bazarlarına çıxış tələb və ya məcburiyyət deyil, zərurətdir. Ölkədə kapital bazarları inkişaf edir. Əvvəllər biz xarici şirkətləri kapital bazarlarına inandırmağa, onları buraya dəvət etməyə məcbur olurduq. Bu gün isə onlar özləri kapital bazarlarına maraq göstərirlər”.

V.Namazov qeyd edib ki, milli iqtisadiyyata inam sayəsində biz ötən il SOCAR istiqrazlarının 100 milyon dollar emissiyasının yerləşdirilməsini həyata keçirdik: “Hazırda Bakı Fond Birjasında 138 növ maliyyə aləti mövcuddur. Bu gün Bakı Fond Birjasında 3,3 milyard manat dəyərində bazarın kapitallaşması mövcuddur. Birjanın dövriyyəsi isə 8 milyard manat təşkil edir ki, bu da ümumi daxili məhsulla müqayisədə kifayət qədər böyük rəqəmdir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, ilin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb. Hazırda pul bazasının ümumi daxili məhsula nisbəti 13-14 faizdir. Bu baxımdan Azərbaycan Türkiyə və Koreya Respublikası kimi ölkələrdən öndədir.

V.Qasımlı ölkədə kapital bazarlarının inkişafı istiqamətində görülən işlərdən danışıb, bu sahənin əhəmiyyətini qeyd edib. O, maliyyə savadlılığının artırılmasının zəruriliyini vurğulayıb, Azərbaycanda nağdsız hesablaşmaların həcminin sürətlə artdığını deyib. Bildirib ki, bu baxımdan Bakı 100 aparıcı şəhər sırasına daxil olub.

“Qiymətli kağızlar bazarı hazırda likvidliyin artması üçün çox gözəl bir imkan yaradıb. Hazırda Azərbaycanın kommersiya banklarında 5,2 milyard manat həcmində likvidlik var. Biz Strateji Yol xəritələrində investor bazasının yaradılmasını da nəzərdə tutmuşuq”, - deyə V.Qasımlı bildirib.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz 2018-ci ildə sürətli iqtisadi inkişaf ilinə qədəm qoyuruq. Bunun üçün bütün əsaslar yaradılıb. 2017-ci ildə iqtisadiyyatın adaptasiyası təmin olunub”, - deyə o əlavə edib.

“Azərbaycan kapital bazarları: mövcud təcrübə” adlı paneldə SOCAR-ın qiymətli kağızlarla əməliyyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib ki, bu gün SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, SOCAR istiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. SOCAR istiqrazları hazırda Azərbaycanda ən populyar və kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağıza çevrilib. Daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon ABŞ dolları həcmində buraxılıb. Həmin il oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb.

Paneldə “Paşa Holdinq”in idarə heyəti sədrinin birinci müavini Cəlal Qasımov və digərləri mövzu ətrafında çıxışlar ediblər.

Bakı Fond Birjası və “SOCAR Capital” şirkətinin birgə təşkil etdiyi konfransda Azərbaycan kapital bazarlarının imkanları və perspektivləri müzakirə olunub. Həmçinin konfransda Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.