CƏMİYYƏT


Vüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşüb

Bakı, 5 dekabr, AZƏRTAC

Xarici ölkələrdə təhsil alan və çalışan tibb işçilərinə Azərbaycan dövləti və səhiyyə sistemi tərəfindən hər zaman dəstək göstərilir, bu dəstək gələcəkdə də səylə davam etdiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Almaniyaya səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini davam etdirən 50-ə yaxın azərbaycanlı həkimlə keçirilən görüşdə deyib.

Təcrübəli mütəxəssisləri ölkəmizdə tibb sahəsində həyata keçirilən layihələrdə, tibbi aksiyalarda fəal iştirak etməyə, təcrübələrini yerli kolleqaları ilə bölüşməyə, beynəlxalq standartlara uyğun təlimlərin təşkilinə çağıran V.Qurbanov xaricdə yaşayan tibb işçilərinin müəllifi olduğu layihələrə və təşəbbüslərə TƏBİB-in istənilən dəstəyə hazır olduğunu vurğulayıb.

Görüş TƏBİB-in, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD), Alman-Azərbaycanlı Tibb İşçiləri Birliyinin (DAMV), Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin dəstəyilə olub.

Görüşdə Almaniyada çalışan həkimlərin Azərbaycan səhiyyəsinin transformasiyasına cəlb edilməsi yolları mövzusunda fikir mübadiləsi aparılıb.

“Beyin ixracından beyin idxalına”, “Gələcəyin yol xəritəsi” mövzularında təqdimatlar keçirilib, azərbaycanlı həkimlərin Almaniyada həyata keçirdiyi işlər və layihələr barədə, eləcə də ölkəmizdə reallaşdırdıqları tibbi aksiyalar, konsiliumlar, 44 günlük Vətən müharibəsinin iştirakçılarına və şəhid ailələrinin üzvlərinə göstərdikləri müxtəlif tibbi dəstəklər barədə ətraflı məlumat verilib.

Bundan başqa, V.Qurbanov Azərbaycanda fəaliyyət göstərmək istəyən tibb işçilərinə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində lazımi şəraitin yaradılacağını bildirib.

Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Xeristof Reissfeıderə Azərbaycan ilə Almaniya arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi dəstəyə görə plaket təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.