SİYASƏT


Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Avropa İttifaqı və quruma üzv dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib. Təsadüfi deyil ki, Azərbaycan və Avropa İttifaqı rəsmiləri arasında keçirilən görüşlərdə qurumun rəhbərləri ölkəmizlə əməkdaşlığın əhəmiyyətini vurğulayırlar. Bu tezis hər zaman səsləndirilir ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır. Hesab edirəm ki, məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs sayəsində Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələr Avropa üçün xüsusi əhəmiyyətə malikdir. Avropa ölkələri uzun illərdir ki, öz enerji təminatlarını daha etibarlı şəkildə həyata keçirmək üçün alternativ mənbələr axtarışında idilər. Məhz Azərbaycan bu çətin və məsuliyyətli missiyanın bir qismini öz üzərinə götürərək Avropanın enerji təhlükəsizliyinin təminatında qəti addımlar atıb. Şübhəsiz ki, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP gələcəkdə Avropanı daha etibarlı şəkildə “mavi yanacaq”la təmin edəcək.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu günlərdə Azərbaycan Prezidentinin Belçikaya işgüzar səfəri və orada Avropa İttifaqının rəhbər şəxsləri ilə görüşü ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə bir sıra mühüm məsələlər müzakirə edilib, Azərbaycanın regiondakı rolu qurum tərəfindən müsbət qiymətləndirilib. Ümumilikdə səfər zəngin məqamlarla yadda qalıb. Qeyd etdiyimiz məqamlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu, siyasi çəkisini daha da artırır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona görə də bu mövzuda irəli sürülən bəzi iddialar əsassızdır. Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Hazırda qurumla ölkəmiz arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Bu sənəddə əsas müzakirə mövzularından biri enerji və ticarətlə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev bu və digər müzakirələrdə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur. Ona görə də istər Avropa İttifaqı, istərsə də digər beynəlxalq təşkilatlar və xarici dövlətlərlə qurulan qarşılıqlı münasibətlərdə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Ölkəmizin əsas tələbi də məhz budur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.