SİYASƏT
Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri regionda sülhə və təhlükəsizliyə mühüm töhfələr verəcək
Bakı, 23 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan-Türkmənistan münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında qədim tarixə, zəngin mədəniyyətə əsaslanan dostluq, qardaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər bir daha bunu nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin rəsmi səfəri çərçivəsində imzalanan sənədlər kifayət qədər mühüm əhəmiyyət daşıyır. O deyib: “Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”i, “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı” və imzalanan digər sənədlər ölkələrimiz arasındakı gələcək əməkdaşlığı daha da dərinləşdirəcək, yeni imkanlar yaradacaq”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, dövlətimizin başçısının son rəsmi səfəri ölkələr arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq, regionda sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfələr verəcək.