SİYASƏT


Vüqar Rəhimzadə: Azərbaycan dünya miqyasında uğurlu model kimi təqdim edilir

Bakı, 10 oktyabr, AZƏRTAC

Həyata keçirdiyi innovativ islahatlarla daxili inkişafını yüksək səviyyədə təmin edən, beynəlxalq aləmdə nüfuzunu daha da artıran Azərbaycan bu gün dünya miqyasında uğurlu model kimi təqdim edilir. Qarşıya qoyulan vəzifələr uğurla və vaxtında icra edilir. Təbii ki, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik dinamik inkişafı təmin edən mühüm amillər sırasındadır. Gələcəyə hesablanan uğurlu inkişaf strategiyası gənc müstəqil ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəlməsində həlledici faktor kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində birmənalı olaraq Azərbaycan Prezidentinin xidmətləri misilsizdir. Dövlətimizin başçısının uğurlu xarici siyasi kursu nəticəsində böyük dövlətlərlə ikitərəfli razılaşmalar əldə edilir. Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı möhtərəm Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini vurğulayaraq deyib: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu il iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib: “Dövlətimizin başçısı Nazirlər Kabinetinin son iclasında bu məsələlərə də xüsusi olaraq diqqət yetirib. Qeyd edib ki, ötən doqquz ayda ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Valyuta ehtiyatları isə 45 milyard dollara çatıb. Sadalanan rəqəmlər əldə olunan uğurların statistik dildə ifadəsidir. Hesab edirəm ki, ilin sonuna kimi bu göstəricilər daha da artacaq və Azərbaycan 2018-ci ili mühüm nailiyyətlərlə başa vuracaq”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu il ölkəmizin neft-qaz sektorunda mühüm hadisələrlə yadda qalıb. Bu ilin may ayında Bakıda bütün dünyanın maraqla izlədiyi, qitələri birləşdirən, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. İyun ayında isə Türkiyədə Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP qaz boru kəmərinin açılışı baş tutdu. Layihənin son mərhələsi olan TAP-la bağlı işlər isə qrafikə uyğun olaraq davam edir. İclasda çıxışı zamanı “Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq”, - deyən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb. Şübhəsiz ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan, XXI əsrin müqaviləsi adlandırılan Cənub Qaz Dəhlizi ölkəmizin iqtisadi imkanlarını daha da artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.