SİYASƏT


Vüqar Rəhimzadə: İnkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib

Bakı, 1 noyabr, AZƏRTAC

Bu gün dünya miqyasında inkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib. Bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Təbii ki, bu inkişaf beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu günlərdə yayılan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib. Hesabatda ölkəmiz dünyanın ən çox islahat aparan dövləti kimi qeyd edilib. Azərbaycan “Doing Business 2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub, bununla da bir çox ölkələri geridə qoyaraq MDB məkanında lider mövqeyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı şərtləndirən mühüm amillər var. Bu amillərin önündə isə düşünülmüş və gələcəyə hesablanan məqsədyönlü siyasi strategiya dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar nəticəsində “Doing Business 2019” hesabatında ölkəmizin əksər indikatorlar üzrə mövqeyi daha üst səviyyəyə qalxıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı xüsusi olaraq diqqət mərkəzindədir: “Kənd təsərrüfatının inkişafı, sənaye məhəllələrinin və aqroparkların yaradılması, ixrac imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən mühüm tədbirlər ölkəmizin sürətli inkişafını əks etdirən real mənzərədir. “Doing Business 2019” hesabatında deyildiyi kimi, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Bununla yanaşı, Azərbaycan "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək böyük uğur qazanıb. Ümumilikdə hesabatın 10 indikatorundan 8-də mühüm irəliləyiş baş verib.”

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, hesabatda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Özbəkistan və Tacikistanın geriləməsi, əvəzində isə ölkəmizin daha ön sıralara yüksəlməsi bir daha onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar öz bəhrəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.