SİYASƏT


Vüqar Rəhimzadə: İşğaldan azad olunmuş torpaqların sahibləri bu ərazilərə həyatı yenidən qaytarır

Bakı, 1 oktyabr, AZƏRTAC

İki il bundan əvvəl bizi tarixi Zəfərimizə qovuşduran 44 günlük İkinci Qarabağ müharibəsini yaşadıq. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrinə uyğun olaraq başladığı “Dəmir yumruq” əməliyyatı Silahlı Qüvvələrimizin malik olduğu imkanların, ən əsası, xalqımızın yenilməzliyinin, məğrurluğunun, tarixinə sahib çıxmasının, milli qürurunun dünyaya təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbə olan və bu gün də həmin müsahibələrə müraciət edilərək 44 günün reallıqlarının öyrənilməsinə geniş imkanlar yaradan xarici mətbuata çoxsaylı müsahibələrində Azərbaycan üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu bəyan etdi. 44 günün hər günü tariximizin Zəfər səhifələri oldu. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr - Anım Günündə Füzuli rayonuna səfərləri zamanı xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezidenti çıxışında bir daha keçilən yola nəzər salaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı Vətən müharibəsi dövründə bütün gücünü səfərbər edib bir yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, igidliyi, şücaəti sayəsində azad edilmiş torpaqlarda biz bu gün qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həm də şanlı Zəfərimizlə qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfərinin rəmzi mənası vardır. Çünki Azərbaycan əsgəri məhz bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq Zəfər yürüşünə başladı. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu torpaqda verdik. Bu gün şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb. 30 il erməni vəhşiliyinə, vandallığına tuş gələn bu torpaqlarımız hazırda yenidən qurulur, müasir yeniliklər bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmasından qürur duyur. Dövlət başçısı, qalib Sərkərdə İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi Zəfərimizdən bəhs edərkən Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirir. Prezident İlham Əliyev Füzulinin Qaraxanbəyli kəndində işıqlı sabahımıza çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt xəbərdarlıqları ilə zəngin olan çıxışında xalqımızın xoşbəxtliyinin digər mühüm məqamını da açıqladı: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

YAP Xətai rayon təşkilatının sədri belə bir mühüm məqama da diqqəti yönəldib ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günündə Füzuli rayonu ilə yanaşı, mədəniyyət paytaxtımız, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərində də oldular. Bu da tarixi Zəfərimizi özündə əks etdirən addımdır. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun alınmaz qalanı-Şuşanı işğaldan azad etməsi 10 noyabr tarixli Bəyanatın imzalanmasını şərtləndirən mühüm hadisə oldu. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında diz çökdü, düşmənin kapitulyasiyasının, Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr Bəyanatı imzalandı.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada yeni inşa edilmiş bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olmalarından da bəhs edərək deyib: “Ümumilikdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfərləri bu ərazilərin bərpa və quruculuğunda yeni mərhələnin başlanmasından xəbər verir. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Təkcə ötən ilin statistikasına müraciət etdikdə görürük ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 32 səfəri olmuşdur ki, bunun 7-si mədəniyyət paytaxtımız Şuşaya reallaşmışdır. Bu ilin ötən dövründə həmin ərazilərə səfərlərin sayı daha da artıb. Bu səfərlərlə yanaşı, Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar mərkəz kimi mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Artıq Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək hazırkı dövrün əsas məsələsi olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə bağlı sənədlərin imzalanmasına da şahidlik edib. Bu mühüm addım bir daha təsdiqlədi ki, Azərbaycanın bölgələri də malik olduğu imkanları ilə dünyanın diqqətindədir”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşada görülən işlər Müzəffər Ali Baş Komandanın mədəniyyət paytaxtımızın işğaldan azad edildiyi gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışlarının reallıqda öz təsdiqini tapdığını göstərir: “Prezidentin xüsusi nümayəndəliyinin ilk olaraq Şuşada yaradılması da deyilənlərin təsdiqi, eyni zamanda, bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılmasının göstəricisidir. Qeyd etdiyimiz səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Görülən hər bir işin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırarkən ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” vədi dayanır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün heç də uzaqda olmadığını göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.