SİYASƏT
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Fərmanı Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir. Artıq ölkəmiz siyasi gücü, iqtisadi imkanları ilə yanaşı, qədim ənənələr üzərində yaranan, formalaşan və inkişaf edən dövlətçilik tarixi, milli-mənəvi dəyərləri ilə də tanınır. Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Baş redaktor deyib: “Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət və qayğı ilə yanaşıblar. Bu mənada dövlətimizin başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını xüsusi olaraq vurğulamaq lazımdır. Sənədə əsasən, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi Fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək”.
Vüqar Rəhimzadə dövlət dilindən istifadə ilə bağlı mövcud vəziyyət və perspektivlərdən danışaraq qeyd edib ki, qədim tarixə malik olan dilimiz istər lüğət tərkibi, istərsə də qrammatik imkanları baxımından kifayət qədər zəngindir. Təəssüf ki, hər kəs bu zənginlikdən lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq, bəzən televiziya və radio kanalları, internet resursları, qəzetlər və müxtəlif reklamlarda ədəbi dil normalarının kobud şəkildə pozulmasını müşahidə edirəm. Xüsusilə əcnəbi sözlərin yerli-yersiz işlədilməsi adi hala çevrilməklə yanaşı, dilimizin saflığına öz mənfi təsirini göstərir. Şübhəsiz ki, yeni yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs bu sahədə hüquqi tənzimləməni aparmaqla yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət tədbirlərinin həyata keçirilməsini, baş verə biləcək neqativ halların aradan qaldırılmasını təmin edəcək.