SİYASƏT


Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir

Bakı, 20 fevral, AZƏRTAC

Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir. Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub. Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Fərmanda da qeyd edildiyi kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Sözsüz ki, bu mühüm sənəd sayəsində bir çox insanın problemi öz həllini tapacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Bu Fərmanın uğurlu sosial siyasətin bariz nümunəsi olduğunu qeyd edən Vüqar Rəhimzadə deyib: “Dövlətimizin başçısının imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Prezident İlham Əliyevin böyük humanizm göstərərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.