SİYASƏT


Vüqar Rəhimzadə: Şərəfli jurnalist adına ləkə gətirənlər qanun qarşısında cavab verməlidirlər

Bakı, 31 oktyabr, AZƏRTAC

Sağlam cəmiyyətin qurulması və gələcək inkişafında bir sıra mühüm amillər var. Təbii ki, demokratiya, onun mühüm elementləri olan insan hüquq və azadlıqları, o cümlədən söz, mətbuat azadlığı sözügedən amillərdən biri və ən əsasıdır. Çünki məhz bu dəyərlər cəmiyyəti saflaşdırır, onun sağlam şəkildə inkişafına təkan verir. Bu gün dünyanın inkişaf etmiş, demokratik dəyərlərə sadiq olan ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Dövlət daim kütləvi informasiya vasitələrinin inkişafına maddi və mənəvi dəstək verir, jurnalistikanın daim yenilənməsini, müasir texnologiyalar əsasında səmərəli fəaliyyətini stimullaşdırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti hər zaman jurnalistikanın inkişafı ilə bağlı mühüm addımlar atır, jurnalistlərə öz diqqət və qayğısını göstərir: “Möhtərəm Prezidentimizin biz jurnalistlərə olan diqqəti, qayğısı ilə bağlı bir çox faktlar sadalamaq olar. Sadəcə son illərdə 400-dən çox jurnalistin təmənnasız olaraq mənzillərlə təmin edilməsi, prosesin bundan sonra da davam etdirilməsi faktını qeyd etmək kifayətdir. Sözsüz ki, jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Jurnalistikanın ali dəyərlərinə sadiq qalmaq, peşə etikasına əməl etmək, ən əsası vətənpərvər olmaq, baş verən hadisələri obyektiv, qərəzsiz formada insanlara çatdırmaq lazımdır. Hesab edirəm ki, müstəqillik illərində jurnalistikamız bu sahədə böyük nailiyyətlər əldə edib, zəngin inkişaf yolu keçib”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü təəssüflə vurğulayıb ki, bu gün media məkanında jurnalistikanın ali dəyərlərinə xəyanət edənlərə də rast gəlmək olur: “Hər bir jurnalistin əsas vəzifəsi insanları doğru, düzgün informasiya ilə təmin etmək, maarifləndirməkdir. Təbii ki, bəzən jurnalist siyasətçi, hüquqşünas kimi baş verən hadisələrə münasibət bildirə, insanları bu yöndə maarifləndirə bilər. Faktlar əsasında, obyektiv və qərəzsiz formada. Təəssüf ki, bəzi “jurnalistlər” bu çərçivəni aşaraq özlərini “ədalət carçısı”, “hakim” rolunda görür, insanları “mühakimə” edir, günahlandırır, hətta “hökm” verirlər. Bəzən isə “maddi maraqlar” bu cür “jurnalistləri” daha aqressiv olmağa sövq edir. Onlar ayrı-ayrı vətəndaşlara, vəzifəli şəxslərə şər-böhtan atmaqdan çəkinmir, “istədiklərini” alana kimi hər yola əl atırlar. Artıq bu mərhələdə jurnalistika yox, “reketçilik” fəaliyyəti ön plana keçir. Bir müddətdir ki, “maddi maraqlarının” qurbanı olan “Realliq.info” və digər “reket” informasiya saytlarının müəllifi İkram Rəhimov da belələrindəndir. Bu günlərdə o, tabeçiliyində olan şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub. Nəticədə İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Hesab edirəm ki, belə faktlar “reketçilik sevdasına” düşənlərə dərs olmalıdır. Vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəs bilməlidir ki, qanun qarşısında məsuliyyət daşıyır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “reket” jurnalistikaya qarşı ictimaiyyət də ciddi, barışmaz mübarizə aparır, eyni zamanda, Mətbuat Şurası media məkanında bu cür neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görür: “Bu gün Mətbuat Şurasında “Reket” jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Komissiyaya ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından şikayətlər daxil olur. Bu şikayətlərə baxılır, şəffaf və obyektiv şəkildə araşdırılır, tərəflər dəvət olunur, müzakirələr aparılır. “Reketçiliklə” məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir, əgər onlar bu əməllərindən əl çəkmirlərsə adları Mətbuat Şurasının “qara siyahı”sına salınır. Təəssüf ki, bütün bu tədbirlərə baxmayaraq, onlar öz çirkin, qərəzli əməllərindən əl çəkmir, qanunazidd, şər, böhtan xarakterli fəaliyyətlərini davam etdirirlər. Hətta cinayət əməlinə görə həbsdə olan məhbuslara həbsxanada yatdığı dövrdə “jurnalist” vəsiqəsi satan və jurnalistikaya heç bir aidiyyəti olmayan bu adamları jurnalist adı ilə həbsdən azad etməyə cəhd göstərilir. Belə çirkin əməllərlə məşğul olan İkram Rafiq oğlu Rəhimov və onun qrupu hansı cinayət əməlini törətdiklərini dərk etmirlərmi? Görünür, yox. Əgər dərk etsəydilər bu və digər əməllərdən əl çəkərdilər. Bu hədələrdən, şər-böhtanlardan, təhdidlərdən əl çəkmədikləri halda isə haqlı olaraq hüquq-mühafizə orqanları işə qarışır. Hesab edirəm ki, cəmiyyət bu cür zərərli ünsürlərdən təmizlənməli, şərəfli jurnalist adına ləkə gətirənlər qanun qarşısında cavab verməli, ümumilikdə müstəqil ölkəmizin sağlam media mühitinə xələl gəlməməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.