İQTİSADİYYAT
Vüqar Zeynalov: Gömrük-keçid proseduralarında vaxt itkisinin qarşısı xeyli alınıb
Bakı, 2 iyun, AZƏRTAC
Ölkədə nəqliyyat-ekspedisiya haqqında qanun layihəsinin qəbul olunması üzrə işlər tezləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.
Onun sözlərinə görə, logistika sahəsində sığorta məhsullarının təkmilləşdirilməsinə ciddi ehtiyac var. O əlavə edib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-logistika infrastrukturunun qurulmasında mühüm tədbirlər həyata keçirilib. Nəticədə bəzi geosiyasi hadisələrin də nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcmində ciddi artım baş verib.
O vurğulayıb ki, Azərbaycan tranzit yüklərin daşınması üçün tələb olunan bir areala malikdir və ölkəmizin özəl şirkətləri də bu potensialı dəyərləndirərək, bu sahədə yeni iş yerləri yaratmaq, dövlət büdcəsinə daxilolmalardakı iştiraklarını artırmaq üçün yük zəncirində bəlli bir paya malik olmağı hədəfləyiblər: “Bu istiqamətdə gömrük sahəsində aparılan islahatların müsbət nəticələrini xüsusi vurğulamaq istərdim. Belə ki, bu gün gömrük-keçid proseduraları sadələşdirilib, rəqəmsallaşdırılıb, vaxt itkisinin qarşısı xeyli alınıb. Bununla yanaşı, hesab edirik ki, bu sahədə bütün dövlət qurumlarının vahid bir sistemə inteqrasiyası logistikada mühüm amil olan vaxt məsələsində mühüm irəliləyiş yarada bilər. Yəni, ölkəyə daxil olan yük üzrə tələb olunan bütün sənədləşmə və məhsulların bir sistemdə olması bu sahədə Azərbaycanı lider mövqeyə çıxara bilər".