ELM VƏ TƏHSİL
Vüqar Zifəroğlu: Azərbaycanda ali jurnalistika təhsilinin əsası 90 il əvvəl Bakı Dövlət Universitetində qoyulub

Bakı, 19 aprel, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində tədrisin müasirləşdirilməsi, yeni tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanması istiqamətində səmərəli tədbirlər reallaşdırılır. Fakültənin dekanı, dosent Vüqar Zifəroğlu AZƏRTAC-a müsahibəsində bu barədə ətraflı məlumat verib. Həmin müsahibəni təqdim edirik:
-Jurnalistika fakültəsində tədrisin müasirləşməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?
-Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz yeri və mövqeyi var. Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən biz, artıq yalnız auditoriya saatları ilə kifayətlənmirik, eyni zamanda, tələbələrimiz üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edirik. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə, həm də praktik vərdişlər aşılamaqdır. Bunun üçün fakültəmizdə hər cür şərait yaradılıb. Jurnalist kadrlarını müasir media işçisi olaraq hazırlamalıyıq ki, bu gün dünyada gedən ciddi rəqabət proseslərində onlar özlərinə layiqli yer tuta bilsinlər. Həqiqətən də, bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanması böyük əhəmiyyət daşıyır.
Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə BDU-nun jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. Həmin sazişə əsasən, “Jurnalistlər klubu” təsis edilib. Tələbələrin bilik və bacarıqlarının artırılması, yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrlarının hazırlanması, yaradıcılıq müsabiqələrinin, tanınmış jurnalistlər, ictimai xadimlər və yazarlarla görüşlərin təşkili və s. məsələlər klubun əsas fəaliyyət istiqamətləridir. Fəaliyyət göstərdiyi altı ay ərzində klub iyirmiyədək peşəkar jurnalist və araşdırmaçı, ictimai-siyasi xadim ilə görüşlər təşkil edib. Daha bir maraqlı layihəmiz keçən ilin dekabrından start götürüb və hazırda davam edir. “Beynəlxalq Jurnalistika Məktəbi” adlanan bu layihənin reallaşdırılmasının başlıca məqsədi beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici və yerli informasiya agentlikləri, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və digər mövzular üzrə təlimlər keçirmək, praktik məşğələlər aparmaqdır. Bununla yanaşı, artıq bir neçə ildir ki, fakültəmizdə “Tələbədən tələbəyə” layihəsi də uğurla reallaşdırılır. Bu layihənin orijinallığı ondadır ki, təlimçilər artıq müəyyən praktik vərdişlərə yiyələnmiş yuxarı kurs tələbələrimiz olur və onlar təcrübələrini aşağı kurslarda təhsil alan gənclərlə bölüşürlər.
Qeyd edək ki, fakültənin maddi-texniki bazasının yüksək olması da çox önəmli məsələdir. Tələbələrin praktik vərdişlərini formalaşdırmaq üçün son zamanlar ciddi addımlar atılıb. Fakültədə yaradılmış tədris-teleradio studiyası BDU-nun təşəbbüsü, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmir olunub. Son bir ildə studiyada bir çox maraqlı layihələr icra edilib. Hazırda tələbələrimiz tərəfindən üç dildə universitet yeniliklərindən ibarət həftəlik xəbərlər bloku hazırlanır və “Youtube” kanalında yayımlanır. Eyni zamanda, tələbələrimiz müxtəlif müəllif proqramlarını da təqdim edirlər. 2017-ci ilin martında BDU-nun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində Barama Media Mərkəzinin açılışı olub. Mərkəzin əsas məqsədi gənclərə innovativ ideyalarını reallaşdırmaqda dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihələr, proqramlar reallaşdırmaqdır.
-Son illər müasir jurnalistikanın standartları ilə bağlı ana dilimizdə dərslik və dərs vəsaitlərinin hazırlanması istiqamətində nə kimi işlər görülür?
- Fakültədə təhsilin bakalavriat pilləsi üzrə 317, magistratura pilləsi üzrə isə 38 nəfər təhsil alır. Bakalavriat pilləsinə qəbul bir ixtisas – jurnalistika üzrə aparılır, Azərbaycan, rus və ingilis qruplarımız fəaliyyət göstərir. Magistratura pilləsində isə yeddi ixtisas var – mətbuat tarixi, publisistik jurnalistika, jurnalistikanın nəzəriyyəsi, beynəlxalq jurnalistika, teleradio jurnalistikası, televiziya və radio yayımları menecmenti, media və kommunikasiya sistemləri. Azərbaycan və rus dilləri ilə yanaşı, 2017-ci ildən artıq üç ixtisas üzrə ingilis dilində də qəbul aparılıb. Müasir jurnalistin xarici dilləri bilməsi olduqca vacibdir.
Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yenilənir. Jurnalistika daim inkişafda olan, dinamik sahədir. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. Kütləvi informasiya vasitələrinin demassifikasiyası gedir. İyirmi il bundan əvvəl xəbərə, analitik janra verilən tələblə bugünkü tələb tamam fərqlidir. Bütün bunlar dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını daim yeniləməyi tələb edir. Bu səbəbdən də son illərdə yeni tələblərə cavab verən müxtəlif dərsliklər, dərs vəsaitləri hazırlanıb və istifadəyə verilib. Bu istiqamətdə iş davam etdirilir.
- Fakültənin yaranması, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə nə deyərdiniz?
- Jurnalistika fakültəsinin beynəlxalq əlaqələr sahəsində öz ənənələri var. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsi ilə qoyulub. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov MDU-da müdafiə edib. Sonrakı onilliklərdə MDU-nun jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha da intensiv xarakter alıb və həmin əlaqələr bu gün də davam edir. Əvvəlki illərdə Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının xətti ilə hər il fakültənin bir tələbəsi təhsilini MDU-nun jurnalistika fakültəsində davam etdirib. ABŞ-ın İndiana və Kolorado universitetləri, Fransanın Lil Jurnalistika Məktəbi, Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə elmi və yaradıcılıq əlaqələri inkişaf etdirilir. Son beş ildə fakültənin 11 müəllimi xarici ölkələrdə (Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Macarıstan, Polşa, Rusiya) elmi ezamiyyətdə olub.
Eyni zamanda qeyd edim ki, fakültəmiz uğurlu inkişaf mərhələləri keçib. 1928-ci ildə jurnalistika kafedrasının yaradılması ilə ali jurnalistika təhsilinin əsası qoyulub. Müəyyən fasilədən sonra, 1945-ci ildə filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi yaradılıb və bu şöbənin tərkibində bir kafedra - jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası fəaliyyət göstərib. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış ictimai xadim Həsən Şahgəldiyev olub. Milli jurnalist kadrlarının hazırlığında görkəmli jurnalist və ictimai xadimlər Nəsir İmanquliyev, İsrafil Nəzərov və Qılman İlkinin müstəsna xidmətləri olub. Bu görkəmli alim və ictimai xadimlərlə yanaşı, akademik Məmməd Arif Dadaşzadə, böyük alim və yazıçı Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev müvafiq sahədə kadrlar hazırlayan ilk pedaqoqlar olublar. Şöbənin ilk buraxılışı 1950-ci ildə olub. 1969-cu ildə jurnalistika şöbəsi fakültəyə çevrilib. Onun ilk dekanı professor Nurəddin Babayev (1969-1970) olub. Sonrakı illərdə professor Şirməmməd Hüseynov, dosent Seyfulla Əliyev, professor Tofiq Rüstəmov, dosentlər Nəriman Zeynalov, Akif Rüstəmov, professorlar Yalçın Əlizadə, Şamil Vəliyev, Cahangir Məmmədli dekan vəzifəsində çalışıblar.
Bu il Azərbaycanda ali jurnalistika təhsilinin 90 illiyi tamam olur. Gələn il isə universitetimizin yaradılmasının 100 ili tamam olacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq BDU-nun 100 illik yubileyi qeyd ediləcək. Universitetin rektoru, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə yubiley tədbirlərinə geniş hazırlıq işləri görülür. Elm və təhsilimizin inkişafında BDU-nun əvəzsiz xidmətləri olub. Bu ali məktəbin yubileyinin qeyd edilməsi bizim üçün, xalqımız üçün böyük bayramdır.