ELM VƏ TƏHSİL
Vüqar Zifəroğlu: Bakı Forumunda bəşəri müstəvidə həlli vacib olan problemlər müzakirə edilir
Bakı, 9 mart, AZƏRTAC
Paytaxtımız onuncu dəfədir ki, Qlobal Bakı Forumuna ev sahibliyi edir. Prezident İlham Əliyevin 2011-ci il 23 dekabr tarixli Sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forum həm iştirakçıları, həm də verdiyi mesajlar və müzakirə mövzularına görə olduqca ciddi əhəmiyyətə malikdir. Bu cür mötəbər forumların keçirilməsi birmənalı şəkildə ev sahibi olan ölkənin həm də beynəlxalq müstəvidə nüfuzunun və xarici siyasət və diplomatiya sahəsində ciddi uğurlarının nəticəsi olaraq qiymətləndirilməlidir.
Başqa bir vacib məqam, əsasən də 44 günlük Vətən müharibəsindən sonra yalnız Ermənistanla deyil, eyni zamanda, onu dəstəkləyən qüvvələrlə aparılan siyasi və diplomatik mübarizə müstəvisində bu cür mötəbər forumun ciddi əhəmiyyətə malik olmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu söyləyib. V.Zifəroğlu bildirib ki, bundan əvvəl keçirilən Bakı forumlarında da dövlətimizin yalnız Qarabağla bağlı deyil, eyni zamanda, bir çox ciddi və beynəlxalq əhəmiyyətə malik məsələlərlə bağlı aydın, konkret mövqe bildirilməsi, mesajlar verməsi də ciddi önəm daşıyır. Bu mənada Forumda Prezidentin çıxışları və bu çıxışlarda beynəlxalq müstəvidə həllini gözləyən bir çox vacib məqamlara toxunması, problemlərin həlli istiqamətində ölkəmizin hansı töhfələr verə biləcəyi, rolu ilə bağlı fikirləri, irəli sürdüyü təklifləri vurğulanması vacib olan məqamdır.
“Beynəlxalq səviyyədə də Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür və forumda iştirak edən mötəbər və nüfuzlu qonaqların müxtəlif mövzularla bağlı etdiyi çıxışlar, verdikləri açıqlamalar dünya gündəmində olur. Bundan əvvəl keçirilən forumlarda da biz bunun şahidi olmuşuq və şübhəsiz ki, hazırda keçirilən forum da belə olacaq”, - deyə Vüqar Zifəroğlu bildirib.
Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etməsi tədbirin miqyasının nə qədər geniş və əhəmiyyətli olmasının ən bariz göstəricisidir. Bu mənada Forumun gündəliyi də geniş və əhatəlidir. Belə ki, panel iclaslarında və sessiyalarında hazırda bəşəri müstəvidə həlli vacib olan problemlər, onların həlli yolları, yeni dünya nizamı, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılır.