DÜNYA
Vürtemberq muzeyinin sərgisi dəyərli eksponatların zənginliyi ilə adamı heyran qoyur
Berlin, 23 iyul, AZƏRTAC
Vürtemberq əyalət muzeyinin bu yaxınlarda açılan “Həqiqi dəfinələr” sərgisində nümayiş etdirilən 2300 eksponatın hətta kiçik bir hissəsini sadalamaqla qurtarmır. Misir fironları, Qədim Yunanıstan, etrusklar, Sezar, keltlər, barokko və Napoleon müharibələri dövrləri, qızıl, tunc, keramika, fil sümüyü, eramızdan e.ə. V əsrdə hazırlanmış mərcan muncuqlar, Kolumb Amerikanı kəşf etdiyi zamanlarda asteklərin özlərini müdafiə etdiyi lələk qalxanlar, bir sözlə, bəşəriyyətin üç min illik tarixi bu sərgidə təqdim olunub.
Amma sərgidə bəlkə də ən maraqlı eksponatlar Vürtemberq muzeyinin kolleksiyasına XIX-XX əsrlərdə əlavə edilmiş kelt dəfn yerlərinə aid unikal tapıntılardır. Tutumu 500 litr olan nəhəng tunc çən əsl sensasiyadır. Çənin yuxarı hissəsi, güman ki, içinə tökülən bal arağını mühafizə edən şir fiqurları ilə bəzədilib. Bu çən Hoxdorfda, kelt knyazının dəfn olunduğu kurqanda aşkar edilib.
Qədim romalıların məzarlarında çox zaman ancaq bir neçə sikkə tapılır, çünki o dövrün insanlarının inancına görə, mərhumu axirət dünyasına daşıması üçün tanrı Xarona haqq ödənilməli idi. Amma keltlərin inancı başqa cür idi. Məsələn, məşhur Hoxdorf nekropolunda çoxlu qızıl zinət əşyaları, tam qab-qaşıq dəsti, buynuz qədəhlər, bıçaqlar, oxlar, ülgüc, balıq tutmaq üçün qarmaqlar, hətta mebel aşkar edilib...
Hoxdorfdakı dəfn yerində - diametri 60 metr, yüksəkliyi 10 metr olan kurqanın altında tapılan əşyaların dəbdəbəsi adamı heyrətə gətirir. Təkcə kelt knyazının üzərindəki qızılın - boyundakı halqanın, bilərziklərin, xəncərin tutacağı və qınının, kəmər və ayaqqabılar üzərindəki bəzəklərin çəkisi 1,5 kiloqram olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin