İQTİSADİYYAT


Vüsal Qasımlı: Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır

Bakı, 12 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını uzlaşdırmaq, bölgəyə 33 milyard dollarlıq sərmayə cəlb etmək, yeni iş yerləri yaratmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Asiya və Avropanın 7 ölkəsinin ərazisindən keçməklə 3,5 min kilometrlik məsafəni qət edən və dünyanın aparıcı enerji şirkətlərini ətrafında birləşdirən Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlaması Azərbaycanın qlobal layihə idarəetməsində bacarıqlarını bir daha təsdiq edir. Azərbaycan həm layihənin idarə edilməsində əsas məsuliyyəti, həm də layihənin maliyyəsinin 30 faizini üzərinə götürməklə Cənub Qaz Dəhlizinin reallaşmasına böyük bir töhfə verib.

Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Cənub Qaz Dəhlizinin işləməyə başlaması İonik-Adriatik boru kəmərinin inşası ilə bağlı Qərbi Balkan ölkələrində gedən müzakirələrə real məzmun verib. Çünki, Azərbaycanın perspektiv yataqları Avropaya əlavə həcmdə qaz göndərilməsini mümkün edir. Belə ki, 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağı, 350 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz-kondensat yatağı və 200 milyard kubmetr ehtiyatı olan “Ümid” yatağı Avropada qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaq. Digər tərəfdən də, TAP kəməri Qərbi Balkanların təbii qaz bazarına çıxış imkanı yaradır. Bu baxımdan İonik-Adriatik boru kəmərinin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır”, - deyə V.Qasımlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.