İQTİSADİYYAT
Vüsal Qasımlı: ISESCO ilə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır
Bakı, 6 may, Ramiz Quliyev, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsinə dair qarşılıqlı anlaşma memorandumu çərçivəsində ISESCO ilə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə müsahibəsində deyib.
Qeyd edib ki, islam ölkələrində elektron imzanın inkişaf etdirilməsinə nail olunması üçün Azərbaycan təcrübəsinin öyrənilməsi vacib əhəmiyyətə malikdir. Çünki elektron imzalar hər bir ölkədə tətbiq edilməlidir ki, sonradan onların qarşılıqlı tanınması həyata keçirilsin. Elektron imzaların islam ölkələrində inkişaf etdirilməsi üçün həm İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi, həm də ISESCO böyük imkanlara malikdir.
V.Qasımlının sözlərinə görə, rəhbərlik etdiyi qurum ISESCO ilə birgə layihələr, seminarlar, kadrların hazırlanması, Azərbaycan nümunəsinin öyrənilməsi üçün müəyyən təqdimatlarla bağlı tədbirlərin həyata keçirilməsini planlaşdırır.