SİYASƏT
Vüsal Qasımlı: İnformasiya və texnoloji inqilab beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayır
Bakı, 28 sentyabr, AZƏRTAC
İnformasiya və texnoloji inqilab beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasında əhəmiyyətli rol oynayır. Yığcam material və təhlillərə ehtiyac duyulur.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində keçirilən “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda panel müzakirələrdə deyib.
Vüsal Qasımlı bildirib ki, dünya təcrübəsinə baxdıqda, elm və təhsilin əlaqəli və kompleks işləməsi çox faydalıdır. Ölkəmizdə bu istiqamətdə mühüm işlər aparılır.
Qeyd olunub ki, insanlar arasında sosioloji sorğuların keçirilməsi rəyi öyrənmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Beyin mərkəzləri data, yəni, material əsasında dövlət idarəçilik orqanları ilə əlaqəli işləməlidir.
Sosial mediadan da danışan Vüsal Qasımlı sosial şəbəkələrin cəmiyyətin barometri rolunu oynadığını diqqətə çatdırıb.
Bildirilib ki, data yaradılıb və istifadəyə açıqdır. Yaxın vaxtlarda Bakıda, Gəncədə və Şuşada bununla bağlı tədbirlər keçiriləcək.