Vüsal Qasımlı: Startaplarla investorlar arasında əlaqənin keyfiyyətli platformalarda həyata keçirilməsi vacibdir
AzerTAg.az

Bakı, 19 may, AZƏRTAC
Ekosistem çox sürətlə dəyişir və bunun üç vacib halqası var: birinci startaplar, ikinci investor, üçüncüsü isə startapları və investorları bir araya gətirəcək platformadır. Dünyada hər il 300 mindən artıq startap yaranır və bunların cəmi 10 faizi uğurla başa çatır. Startapların uğura çatmamağında birinci səbəb maliyyə əlçatarlığının olmamasıdır. Bu onu göstərir ki, startaplarla investorlar arasında əlaqənin qurulması, platformanın yaradılması və bu əlaqənin kifayət qədər səmərəli və keyfiyyətli platformalarda həyata keçirilməsi nə qədər vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı "Enterprise Azerbaijan" portalının təşkil etdiyi "StartUp School" layihəsinin məzun günündə deyib.
“Biz bir beyin mərkəzi olaraq, bugünkü startap məktəbini yaratmamışdan əvvəl bu sahədə bir sıra tədqiqatlar apardıq, dünya trendlərinə baxdıq. Dünyada 3 əsas istiqamətdə texnologiyalar inkişaf edir: rəqəmsal texnologiyalar, biotexnologiyalar və fiziki texnologiyalar. Dünyada startap trendlərinə baxdıqda da gördük ki, onlar bu istiqamətin hər üçünü özündə ehtiva edir”,- deyə icraçı direktor qeyd edib.
O bildirib ki, dünyada startap xəritəsinə baxdıqda birinci yerdə ABŞ, Çin, Böyük Britaniya, Almaniya, İsrail və digər ölkələrin gəldiyini görürük: “Startapların 60 faizi öz ölkəsində yaranır. Ölkənin miqyasından asılı olaraq daha böyük nailiyyətlər əldə etmək imkanı yaranır”.
Vüsal Qasımlı vurğulayıb ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 65 milyard dolların üzərindədir. Bu ümumi daxili məhsulu üstələyir. Bu isə maliyyə ilə bağlı hər hansı bir çətinliyin olmamasının göstəricisidir.
Mərasimdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “StartUp School”un təlimçilərinə - Matt Vestfield (ABŞ), Pavel Pietrasienski (Polşa), Melike Aktaş Bozkurt (Türkiyə), Koren Maor (İsrail) və Fərid İsmayılova (Azərbaycan) sertifikatlar verib. Mərkəzin rəhbəri bağlanış çıxışında "StartUp School" layihəsinin öz məqsədinə çatdığını və startap ekosisteminə özünəməxsus töhfələr verdiyini bildirib.
Qeyd edək ki, "StartUp School" layihəsi Azərbaycanda startap ekosisteminin inkişafına dəstək vermək, yerli startapçıların qlobal tendensiyalara inteqrasiyasını sürətləndirmək, innovasiyaları inkişaf etdirmək üçün gənc startapçıları nəzəri və təcrübi biliklərlə təmin etmək, daha çox gəncin ideyalarını reallığa çevirmək, gənclərə innovativ sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, startapların yerli və xarici investorların diqqətinə çatdırılmasına yardım etmək və beləliklə, kiçik və orta biznesin böyüməsini stimullaşdırmaq məqsədilə təsis olunub.
Xəbərin mətnində orfoqrafik səhv var