CƏMİYYƏT
Vüsal Rəhimzadə : Könüllülük fəaliyyəti sosial məsuliyyət hissimizi artırır
Bakı, 11 yanvar, AZƏRTAC
İş təcrübəsi toplamaq və vətəndaşlarla ünsiyyətimi daha inkişaf etdirmək üçün könüllülər sırasına qoşuldum. Könüllülük fəaliyyəti zamanı qazandıqları təcrübə gələcəkdə gənclərə çox kömək olacaq. Artıq bunun bariz nümunələri də vardır.
Bu fikirləri könüllü Vüsal Rəhimzadə AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib: “Könüllü olduğumuz kollektivdə işləməkdən böyük zövq alıram. İş yoldaşlarımla ünsiyyət qurmaqla həm yeni dostlar qazanır, həm də özümü inkişaf etdirirəm. Könüllülük fəaliyyəti həyatımda dönüş nöqtəsi oldu. Bu fəaliyyətin də öz çətinlikləri var. Bəzən müxtəlif təbiətə malik insanlarla rastlaşır və işləməli olursan ki, bu da istər-istəməz ünsiyyətimizin inkişafına səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsini böyük sevinc hissi ilə qarşıladım. Bu, biz gənclərə əlavə qüvvət verir və sosial məsuliyyət hissimizi artırır”.
Son illərdə Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını bildirən V.Rəhimzadə bu hərəkatın bir üzvü olduğu üçün qürur hissi keçirdiyini ifadə edib. Bildirib ki, gələcək illərdə beynəlxalq yarışların təşkilində könüllü kimi iştirak etmək və xarici dil biliklərini zənginləşdirmək niyyətindədir.