DÜNYA
Vyana danışıqları nəticə əldə olunanadək davam edəcək
Tehran, 8 may, AZƏRTAC
İran ilə Avropa dövlətləri arasında İranın nüvə proqramı ilə əlaqədar aparılan danışıqlar nəticə əldə olunanadək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran tərəfindən danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.
O bildirib ki, hələlik nəticələr haqqında bir söz demək çətindir. Lakin sanksiyaların aradan qaldırılacağı təqdirdə, İran saziş üzrə öhdəliklərini tam olaraq yerinə yetirməyə hazırdır. Onun sözlərinə görə, ABŞ-da sazişə qayıtmaq istəyində qətidir.
Qeyd edək ki, Vyanada aparılan danışıqlarda ABŞ birbaşa iştirak etmir. Lakin danışıqlarda iştirak edən Böyük Britaniya, Fransa və Almaniyadan əhatəli məlumat alır.
Hazırda rəsmi Tehran ABŞ tərəfindən sanksiyaların tamamilə ləğv olunmasını təklif edir ki, İranın öhdəliklərini yerinə yetirməyə başlasın. Rəsmi Vaşinqton isə əksinə, təklif edir ki, İran öhdəliklərini yerinə yetirməyə başlasın, ABŞ isə sanksiyaları tədricən aradan qaldıracaq.
İran 2015-ci ildə imzalanan müqaviləyə istinad edərək ABŞ-a inanmadığını bildirir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezident Barak Obama dönəmində “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilə uzun sürən danışıqlardan sonra imzalanıb. Müqaviləyə əsasən, İran nüvə proqramını məhdudlaşdıracaq ABŞ isə sanksiyaları aradan qaldıracaqdı. Lakin Prezident Donald Tramp Obamanı tənqid edərək, bu müqaviləni ABŞ-ın milli maraqlarına uyğun olmadığını bəyan edib və birtərəfli qaydada müqavilədən çıxıb. D.Tramp nəinki sanksiyaları yumşaltmadı, əksinə, daha da kəskinləşdirdi ki, bu da İranın haqlı narazılığına səbəb oldu. Məhz buna görə İran ilk olaraq sanksiyaların ləğvini tələb edir.
Vyanada danışıqların davam etdiyi müddətdə ABŞ İranın bəzi hüquqi və fiziki şəxslərinin adını sanksiyalar siyahısından çıxarıb və problemə son qoymaq qərarında qəti olduğunu nümayiş etdirib.
ABŞ senatoru Kris Merfi bildirib ki, İrana qarşı sanksiyalar siyasəti heç də yaxşı nəticələr vermədi. Əksinə, İran daha da ciddi şəkildə nüvə proqramının inkişaf etdirməyə başladı. Senator Prezident C. Baydenin İranla danışıqlar aparmaq niyyətinin dəstəklənməsinin vacib olduğunu nəzərə çatdırıb.
ABŞ Prezidentinin İranla danışıqlar aparmaq istəyi Konqres tərəfindən mütləq dəstəklənməlidir. Çünki C.Bayden İrana qarşı sanksiyaların böyük hissəsini Konqresin razılığı olmadan ləğv edə bilməz. Odur ki, İran tələbləri irəli sürərkən bunu nəzərə almalıdır.
Hələlik isə Vyana danışıqları davam edir. Siyasi müşahidəçilər qeyd edirlər ki, müəyyən vaxtdan sonra ABŞ da danışıqlar prosesinə birbaşa qoşulacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran