DÜNYA


Vyana şəhərinin əsas attraksionlarından birinin ləğv edilməsi təklif olunur

Vyana, 15 oktyabr, AZƏRTAC

Avstriyanın paytaxtı Vyana şəhərinin turistik attraksionları içərisində at arabaları (fiakr) özünəməxsus yer tutur və şəhərin qonaqları fiakrla şəhər gəzintisinə böyük maraq göstərirlər. Şönbrunn sarayı, Dövlət Operası, Müqəddəs Ştefan katedralı kimi fiakrlar da şəhər mənzərəsinin ayrılmaz tərkib hissəsini təşkil edirlər və qonaqları bu şəhərə cəlb edən “turist maqniti” statusu daşıyırlar.

AZƏRTAC xəbər verir ki, şəhərin İçəri Şəhər rayonunun rəhbərliyi yaxın gələcəkdə fiakrların şəhər ərazisindən yığışdırılması üçün yeni təşəbbüslə çıxış edib. Şəhər bələdiyyəsinə göndərilən müraciətdə şəhərin mərkəzi hissəsində fiakrların hərəkətinin qadağan olunması təklifi irəli sürülüb. Qeyd edilib ki, hər il at nalları və araba təkərləri şəhər yollarına azı 750 min avro zərər vurur, fiakrlar şəhər mərkəzində nəqliyyatın hərəkətini çətinləşdirir və həmçinin fiakr dayanacaqları ətrafındakı dükan və restoranların gəlirlərinə mənfi təsir göstərir.

Rayon icra başçısı Markus Fiql imzaladığı petisiyada hazırda 116 fiakrın şəhər mərkəzində parketmə hüququna malik olduğu qeyd edilib. Bildirilib ki, bu yüksək rəqəm azaldılmalı və gələcəkdə yeni fiakrlara lisenziya verməməklə uzunmüddətli vədədə fiakrların şəhərin mərkəzindən tamamilə çıxarılması təmin edilməlidir. Müraciətdə, həmçinin at nallarının plastik nallarla əvəz edilməsi, fiakrların yalnız şəhərətrafı parklarda hərəkətinə icazə verilməsi də təklif olunub.

Qeyd edək ki, Vyana şəhərinin turistik mənzərəsinə klassik ab-hava bəxş edən fiakrlar tez-tez müzakirə mövzusuna çevrilir. Heyvanların müdafiə təşkilatları müasir dövrdə atların şəhər mərkəzində hərəkətini heyvanlara işgəncə kimi tənqid edir, İçəri Şəhər rayonunun rəhbərliyi isə yuxarıda sadalanan səbəblərdən arabaların hərəkətini başqa ərazilərə köçürməyi təklif edir. Lakin fiakrlardan yaxşı gəlir əldə edən şəhər rəhbərliyi isə həm əldə etdiyi vəsaitə, həm də turistlərin marağına görə fiakrların şəhər mərkəzindən çıxarılmasına imkan vermir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.