MƏDƏNİYYƏT
Vyanada Avropa İntibah dövrünün tanınmış rəssamlarından Piter Breygelin ən böyük monoqrafik sərgisi açılıb
Vyana, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Vyanadakı İncəsənət Tarixi Muzeyində Avropa İntibah dövrünün əsas simalarından biri – holland rəssam Piter Breygelin (1525-1569) indiyədək nümayiş olunmuş ən böyük monoqrafik sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen və açılışla bağlı bu ölkədə səfərdə olan Belçika Kralı Filipp iştirak ediblər.
Aleksander Van der Bellen sərginin ərsəyə gəlməsi üçün əsərləri təqdim edən muzeyə təşəkkür edib və incəsənət sahəsindəki əməkdaşlığın həyatın digər sahələrində də mövcud olmasını arzulayıb. Sərgidə dahi rəssamın 30 tablosu və 60-dan çox qrafika əsəri nümayiş olunur.
Orta məktəb dərsliklərindən çoxlarının xatırladığı “Babil qülləsi” tablosu ilə daha çox tanınan Piter Breygelin (ata) yaradıcılığında doğulduğu Brabant (Niderland və Flandriya) Hersoqluğunda XVI əsr sadə kəndli həyatının təsviri ön planda dayanır. Kütləvi səhnələrlə zəngin tablolarına görə tanınan rəssam əsərlərində yaratdığı fiqurlarda üz ifadələri və obrazların dəqiq təsvirinə böyük önəm verib. Məhz bu səbəbdən də dünyanın ən bahalı əsərləri sırasında yer alan Breygel tablolarını ilk dəfə ən böyük sərgi halında bir araya gətirmək də böyük zəhmət hesabına başa gəlib. Avstriyada Habsburqlar sülaləsinin hakimiyyəti dövründə hakim ailənin öz kolleksiyası üçün əldə etdikləri 12 Breygel rəsmi də sərgidə nümayiş olunur.
Dünyada ən çox Breygel tablolarının sərgiləndiyi Brüssel Kral İncəsənət Muzeyinin rəhbərliyindən sərginin açılışı ilə bağlı bildirilib ki, bu sərginin Breygelin əsərlərindən ibarət sonuncu böyük sərgi olacağına ümid edirlər. Çünki Breygelin əsərlərinin qiymətinin olduqca yüksək olması ilə yanaşı, onların çox həssas material və boya ilə hazırlanması əsərlərin saxlanması və daşınmasını çətinləşdirir.
Gələn il yanvarın əvvəlinədək davam edəcək sərgidə sənətsevərlər rəssamın bütün yaradıcılıq dövrlərini əks etdirən əsərləri ilə tanış ola, eyni zamanda, onun hansı texnika və materiallar ilə işlədiyinə dair ekskursiyalarda iştirak edə biləcəklər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana